Moldova hökuməti ölkənin MDB-dən çıxmasını təsdiqlədi

Moldova hökuməti ölkənin MDB-dən çıxmasını təsdiqlədi

10:58
Bəyəndim (1) Bəyənmədim (0)


Moldova hökuməti çərşənbə günü keçirilən iclasda ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) üzvlüyünün əsasını təşkil edən qurucu sazişlərin ləğvini dəstəkləyib. Oxuməni.az xəbər verir ki, bu barədə Moldova Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Söhbət 1993-cü il yanvarın 22-də Minskdə imzalanmış MDB Nizamnaməsindən, 1991-ci il dekabrın 8-də imzalanmış MDB-nin yaradılması haqqında Sazişdən, həmçinin 1991-ci il dekabrın 22-də imzalanmış bu Sazişə Əlavədən gedir.
İndi qanun layihəsi Moldova prezidenti Maya Sandunun baxışına göndəriləcək. Onun təsdiqi halında sənəd ölkə parlamentinə təqdim olunacaq. Deputatlar da müsbət qərar qəbul etsələr, Moldova hakimiyyəti MDB İcraiyyə Komitəsinə məlumat verəcək və 12 ay sonra respublikanın təşkilatdakı iştirakı dayandırılacaq.
Moldovanın MDB-dən çıxma prosesini başlatması barədə yanvar ayında ölkənin xarici işlər naziri Mixay Popşoy məlumat verib və bunu "ölkənin Avropa istiqamətinin gücləndirilməsində mühüm addım" adlandırıb. O qeyd edib ki, Kişinev artıq MDB ilə imzalanmış 283 sazişdən 71-ni ləğv edib, daha təxminən 60-ı isə ləğv prosesindədir. Eyni zamanda, nazir vurğulayıb ki, Moldova Avropa kursuna zidd olmayan, iqtisadi fayda gətirən və ya vətəndaşlar üçün mühüm praktiki əhəmiyyət kəsb edən razılaşmalardan imtina etmək niyyətində deyil.
Almaz Həsənli