Bakıda səfərdə olan erməni deputatları Ermənistanda təxribat xarakterli çıxışlar etdilər
Azərbaycanın EuroNest Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, EuroNest PA-nın həmprezidentləri Kristian Vigenin, Boris Tarasyuk və EuroNest PA-nın büro üzvlərinə müraciət edib.
Müraciətdə qeyd olunub ki, EuroNest PA sessiyası dövründə
Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi
üçün xüsusi tədbirlər həyata keçirilib. Sessiya zamanı onların təhlükəsizliyinin
yüksək peşəkarlıqla Azərbaycan tərəfindən tam təmin edilib: "Belə ki, Ermənistan
nümayəndə heyətinin rəhbəri cənab Vaan Hovannisyan etiraf edib ki, onlar Azərbaycan
deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən
heç bir aqressiyanın şahidi olmayıblar. Beləliklə, sessiya müddətində biz bütün
qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə
heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi
olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik. Təəssüf hissi ilə
bildirməliyəm ki, Ermənistan nümayəndə heyəti sessiya başa çatdıqdan sonra
Yerevanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrif
edici fikirlər söyləyib və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına
almağa çalışıblar.
Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Hovannisyan Azərbaycanda
"Ermənistan nümayəndə heyətinin KİV nümayəndələrindən və Avropa deputatlarından
tamamilə təcrid edildiyini" və özünün "gizli inqilabi hiylələr"dən istifadə edərək,
bir KİV-ə geniş müsahibə verdiyini iddia edir. Bununla bağlı bildirmək istərdim
ki, cənab Hovannisyanın müsahibəsi Azərbaycanın bütün nüfuzlu qəzetlərində çap
olunub, aparıcı telekanalların "Xəbərlər" proqramında yayımlanıb. O, Azərbaycan
vətəndaşlarının yüksək səviyyədə qonaqpərvərliyindən, erməni nümayəndə heyətinin
üzvlərinə qarşı hər hansı düşmənçilik nümayiş etdirməmələrindən və loyal
münasibət göstərmələrindən sui-istifadə edib. Dağlıq Qarabağı "özlərinin
dağları" adlandıraraq, Azərbaycan vətəndaşlarının bu "dağlar uğrunda ölmək istəmədiyi"
kimi təxribat xarakterli informasiya yayıblar".
Müraciətdə həmçinin qeyd olunub ki, Ermənistan nümayəndə
heyətinin rəhbəri "bütün dövlət qurumları və agentliklərinin divarlarında
Qarabağın da daxil edildiyi xəritələr asıldığını bildirib. Bununla hakimiyyət
orqanları əhaliyə onların unutmaq istədiyi "Böyük Azərbaycan" fikrini
xatırlatmağa çalışdıqlarını" deyib: "Bununla bağlı vurğulamalıyam ki, beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycanın dövlət müstəqilliyi keçmiş SSRİ-nin tərkibinə
daxil olduğu sərhədlər çərçivəsində tanınıb. Odur ki, həm tarixi, həm də hüquqi
baxımdan Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir və bizim xəritələrimiz
bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, NATO və AŞPA-nın
divarlarında görə biləcəyiniz xəritələrlə tamamilə eynidir. Aydındır ki,
ictimaiyyətə belə bəyanatlar vermək absurddur və bu, yalnız Ermənistanın ölkəmizə
qarşı davam edən düşmənçiliyini və beynəlxalq təşkilatların fikrinə
etinasızlığını sübut edir".
E.Süleymanov müraciətində həmçinin xatırladıb ki, Ermənistan
nümayəndə heyətinin rəhbəri Azərbaycan prezidentinin plenar iclasdakı nitqində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirləri
şübhə altına alıb: "Xatırlatmaq istərdim ki, prezident öz nitqində bu münaqişə
ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və
Baş Assambleyasının, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində öz təsdiqini
tapmış faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb. 25-26 fevral 1992-ci
il tarixdə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətləri soyqırımı cinayəti
olduğunu, Xocalı soyqırımını "barbarlıq aktı və faşizmin təcəssümü" kimi dəyərləndirib.
Odur ki, ermənistanlı həmkarımızın Azərbaycan prezidentinə qarşı "müharibəyə təhrik
vasitəsilə siyasi dividentlər qazanması" kimi əsassız ittihamlar irəli sürməsi
qətiyyən yolverilməzdir. Belə ki, prezident İlham Əliyev dəfələrlə müxtəlif
tribunalardan Azərbaycanın özünümüdafiə hüququnun olmasına baxmayaraq, münaqişənin
dinc yolla həllinə nail olunmasının və bu məqsədlə danışıqlar prosesinin davam
etdirilməsinin vacib olduğunu bəyan edib".
E. Süleymanov EuroNest PA-nın İrəvanda keçirilən Sosial məsələlər
komitəsinin iclası zamanı ev sahiblərinin azərbaycanlı deputatları əsas
etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan
çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdiklərini
də xatırladıb. Qeyd edib ki, iclaslar Azərbaycanın işğal edilmiş ərazilərinin
Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda
keçirilib. Ermənistan nümayəndə heyətinin üzvləri isə EuroNest PA-nın Bakı
sessiyası zamanı yenə də Assambleya üzvləri arasında anti-Azərbaycan təbliğatları
özündə əks etdirən üç kitab yayıblar. Azərbaycan tərəfi bu dəfə də EuroNest
PA-nın fəaliyyətinə kölgə salmamaq, ikinci sessiyanın uğurla başa çatmasına
nail olmaq məqsədilə bu təxribatlara reaksiya verməyib: "EuroNest PA-da Azərbaycan
nümayəndə heyəti qurumun Bakı sessiyasının uğuruna mane ola bilmədiklərinə
peşman olan Ermənistan nümayəndə heyətini hər cür qeyri-obyektiv, qərəzli, təxribat
xarakterli bəyanatlarına və anti-Azərbaycan təbliğatına son qoymağa və bütün
beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü əks etdirən qətnamələrinə
hörmətlə yanaşmağa dəvət edir, Assambleyanın məqsədlərinə nail olunması istiqamətində
əməkdaşlığa çağırır".
O.M.