
Azərbaycan Futbolu haqqında komediya filmi çəkiləcək
Azərbaycan kino məkanında bir-birinin ardınca bədii filmlər çəkilir. Əsasən komediya janrında olan bu filmlər çoxsaylı tamaşaçı kütləsinin rəğbətini qazanır. Bu dəfə isə tam fərqli formatda ekran əsəri görüşünüzə gələcək. Ssenari, çəkiliş, aktyor truppası, məkan və xüsusi effektlərlə digərlərindən fərqlənən yeni film futbol mövzusunda olacaq. Mediainfo.az xəbər verir ki, filmdə 20 nəfərdən çox idman jurnalisti rol alacaq. Yeni layihəni əvvəllər ANS-in "Qayğanaq", ATV-nin "Çəkirəm haa", Space TV-nin "Gülə gülə" verilişlərinin aktyoru olmuş Faiq Şadlı həyata keçirəcək.
Faiq Şadlının Mediainfo-ya verdiyi açıqlamada bildirilib ki, yeni film "Gopçular və Topçular" adlanacaq: "Dünyada, o cümlədən ölkəmizdə futbola olan marağın artdığını nəzərə alaraq, mövzunu ekranlaşdırmaq qərarına gəldik. Adından göründüyü kimi, "Gopçular və Topçular" futbolda olan aktual problemləri komediya janrında əks etdirən film olacaq".
Filmin ssenarisini tamlıqla açıqlamayan təşkilatçı cərəyan edəcək hadisələri qısaca anlatmaqla kifayətlənib: "2 nəfər çox müasir və hər cümləsi inandırıcı sayılan fırıldaqçı zəngin iş adamlarını rahat şəkildə aldadaraq, pullarını ələ keçirir və iş adamları iflas olandan sonra fırıldaqçılar ifşa olunur. Məsələ burasındadır ki, fırıldaqçılar ifşa olunduqdan sonra da o vəziyyətdən çıxmağı bacarırlar. Ekstremal situasiyalarda məharətlə manipulyasiya etməyi bacaran Gopçuların Topçuları nə vəziyyətə salacağı hamını çox güldürəcək. Filmin çəkilişləri may ayının sonunda başlanacaq".
Sonda filmin baş prodüseri Faiq Şadlı təşkilati məsələlərə toxunaraq deyib: "Filmdə məşhur aktyorlarla bərabər digər peşə sahibləri də iştirak edə biləcəklər. İdman jurnalistləri bir çox kadrlarda yer alacaqlar. 20 nəfərdən çox jurnalistin kastinqdə iştirakı planlaşdırılır. Filmin hazırlıq prosesində istənilən maraqlı təklifə hazırıq. Ssenaristlər, iş adamları, aktyorlar, ümumiyyətlə istedadlı şəxslər 055 725 21 01 nömrəsi ilə birbaşa mənimlə əlaqə saxlaya bilərlər. Yeri gəlmişkən, öz adımdan və komandamızın adından çəkilişə göstərdiyi köməyə görə Kolorit restoranlar şəbəkəsinə təşəkkürümü bildirirəm".
Mediainfo.az