
Madonna və ser Elton Con 20 illik müharibə baltasını basdırıblar
İyirmi ildən çox ictimai nifaqdan sonra dünya ulduzları Madonna və ser Elton Con rəsmən barışıblar. Bu, Elton Conun Brendi Karlayl ilə birlikdə çıxış etdiyi “Saturday Night Live” (SNL) səhnəsində baş verib.
Həmin verilişdə iştirak edən Madonna İnstaqramda "Nəhayət ki, baltanı basdırdıq!" postunu paylaşıb.
Artistlər arasında münaqişə 2002-ci ildə Con Madonnanın "Die Another Day" mahnısını tənqid edərək onu "İndiyə qədərki ən pis Bond mövzusu" adlandırdıqdan sonra başlayıb. Sonrakı illərdə o, müğənnini fonoqramdan istifadə etməkdə ittiham edib və başqa tənqidi fikirlər səsləndirib.
İndi, 20 il sonra, SNL-də görüş zamanı ser Elton Madonnadan üzr istəyib və hətta onlar birlikdə işləmək imkanlarını müzakirə etdilər, “The Guardian” xəbər verir.
Madonna məktəbli olarkən Detroytda Elton Conun konsertinə getdiyini xatırlayıb və bu, onun musiqinin gücü haqqında anlayışında dönüş nöqtəsi olub.
Elton Con 1980-ci illərdə HİV/QİÇS-lə mübarizəyə verdiyi töhfəyə görə Madonnaya minnətdarlığını bildirib və onun qadın artistlər nəslinə təsirini etiraf edib. O, müasir dünyada birliyin vacibliyini vurğulayıb və həssas icmalara dəstək vermək üçün birgə işləməyə ümid etdiyini bildirib.
Almaz Həsənli