Torpağa, yurda bağlı insanlar: "Babam, atam və mən"

Torpağa, yurda bağlı insanlar: "Babam, atam və mən"

4 Dekabr 2023 11:59
Bəyəndim (0) Bəyənmədim (1)

Bu günlərdə Qvami Məhəbbətoğlunun "Babam, atam və mən" adlı beşinci ("Hərdən gülməyim gəlir", "Rüstəm Rəhimov: "Bu mənim alın yazımdır", "Bibimin madonna servisi" və "Alpan etüdləri") kitabının çapdan çıxdığının sorağını aldım. Kitabı əldə edərək diqqətlə oxudum və həmən də qələmə sarıldım. Bəri başdan qeyd edim ki, "Babam, atam və mən"də bir nəslin şəcərəsindən söz açılır ki, o da Mehman Cəfər oğlu İbrahimovun dili ilə oxucuya çatdırılır. Müəllif onun söylədiklərini elə qələmə alıb ki, kitabı vərəqlədikcə yorulmaq bilmirsən.
"Babam atam və mən" kitabında Qvami Məhəbbətoğlu bir nəslin üç nümayəndəsinin (Müzəffər İbrahim oğlu (baba), Cəfər Müzəffər oğlu (ata) və Mehman Cəfər oğlu (oğul) simalarında onların torpağa, yurda, olan sevgilərini daha qabarıq şəkildə verməklə gənc nəslə sanki bir mesaj ünvanlayır. Bəli, Müzəffər kişinin, Cəfər müəllimin, Mehman müəllimin hər birinin mənalı ömür yolu onları uca zirvələrə qaldırıb, camaatın yaddaşına köçürüb. Belə ki, baba Müzəffər İbrahim oğlu kəndxuda olduğu bölgədə təkcə kasıb-kusuba əl tutan bir kişi kimi tanınmır, kəndlilərin təsərrüfatlarının inkişafına, onların həyat şəraitlərinin yüksəlməsinə də fikir verir. O, kəndin sabahını düşünən bir insan kimi gözlərimiz önündə canlanır. Müzəffər kişi, eyni zamanda 1918-ci ildə Quba qəzasına soxulmuş erməni-daşnak quldurlarına qarşı döyüşlərdə yüz nəfərlik dəstəsi ilə "Qanlı dərə" adlanan yerdə qəhrəmancasına döyüşüb.
Cəfər müəllim (ata) heç də sıradan biri deyil. Belə ki, o, Quba rayonunda yüksək vəzifələrdə çalışan prinsipal ictimai xadim kimi tanınıb. O illərdə Cəfər kişi kimlərlə ünsiyyətdə olmayıb ki… Hətta günlərin bir günü Xalq şairimiz Səməd Vurğun da Cəfər müəllimin qonağı olub və ona belə qiymət verib:
A dostlar siz baxın bu süfrəmizə,
Bu ki, bir nağılın nisbətindədir.
İnsanlıq, mərdlik, qonaqsevərlik
Bizim bu Cəfərin xislətindədir.
Vaxtının az olmasına baxmayaraq, Cəfər kişi övladlarının təlim-tərbiyəsi ilə də ciddi məşğul olub. Onun evində təlim-tərbiyə sərvət, var-dövlət hesab olunub. Bu mənada müəllifin bu mirasını bir neçə dəfə xatırlaması mən deyərdim ki, lap yerinə düşüb. Elə bu səbəbdən onun övladlarının xoş soraqları gəlir. Məsələn, kimya elmləri doktoru, professor, “Tərəqqi medalı” ilə təltif olunmuş Minavər İbrahimova… O, hazırda Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda çalışır. Bu mənada “Babam, atam və mən” hər bir insan övladı üçün tərbiyə məktəbi rolunu oynaya bilər.
Kitabın "Ot kökü üstə bitər" fəslində iə bu nəslin layiqli davamçısı Mehman İbrahimovdan söhbət açılır. Onu da qeyd edim ki, bacarıqlı təsərrüfatçı, savadlı iqtisadçı kimi tanınan Mehman İbrahimov 1999-2004-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Müstəqillik illərində vaxtilə babasına məxsus olan torpaq sahələrinə sahib çıxan və ömrünün 70-ci baharını yaşayan Mehman müəllim həmin əraziləri sözün həqiqi mənasında gülüstana çevirib. Bu barədə söz düşəndə də deyir ki, torpağa bağlı olmadan Vətənə, yurda bağlı olmaq qeyri-mümkündür.
Kitabda Qubanın-onların doğulduqları Xucbala kəndinin keçmişi-keşməkeşli tarixi haqqında maraqlı məlumatlar var ki, buna görə müəllifi alqışlamaya bilmirsən. Kitabda Xucbala kəndinin görkəmli ziyalılarına, onların fəaliyyətlərinə də müəyyən mənada yer ayırılıb.
Ələsgər Talıboğlu,

Şair-publisist, AYB-nin üzvü, “Məmməd Araz” mükafatı laureatı