GÜLÜŞ ƏFSANƏSİ

(Əməkdar artist, kamil gülüş ustadı Çingiz Əhmədovla bağlı esse)

GÜLÜŞ ƏFSANƏSİ (Əməkdar artist, kamil gülüş ustadı Çingiz Əhmədovla bağlı esse)

9 Dekabr 2023 12:07
Bəyəndim (2) Bəyənmədim (0)

Sən bu işıqlı dünyaya gülüşlə gəldin. Uca Yaradan səni bu dünyaya insanları güldürmək, onları dərddən, qəmdən, qüssə-kədərdən ayırmaq üçün gülüş məlhəmi, gülüş həmdəmi kimi gətirdi. Gətirdi ki, korifey gülüş ustalarının irsini, sənət estafetini sənətkar olaraq davam etdirəsən, gülüşünlə, yumorlarınla, zamanın sözünü sözün zamanında deyən obrazlarınla, rollarınla teatra, gülüş dünyamıza yeni nəfəs gətirəsən. Gətirdi ki, təbii gülüşün nə olduğunu, göz yaşları içərisində gülüşün mahiyyətini, gülüş hədəfin olan prototiplərinin iç dünyasını, əməllərini tamaşaçı ordusuna aktyor oyunun, gedişlərinlə aşılayasan. Güldürə-güldürə, gülə-gülə həyatın qəribəliklərini, təzadlarını, onun nə qədər mürəkkəb və qəribəliklərlə dolu olduğunu obrazlar qalereyana inci kimi düzəsən.

Xalq artisti, əbədiyaşar, görkəmli rejissor Lütfi Məmmədbəyli də Allahın gülüş payı kimi göndərdiyi sənin istedadını, potensialını əvvəlcədən görüb öz dəstəyini əsirgəmədi. İstedadlı gənc kimi sənə dəstək olub gücünü geniş auditoriyaya təqdim etdi. Lütfi müəllimin rejissor traktovkasında, quruluşunda televiziya ekranlarında yaddaqalan rollarınla fəğan elədin və ustadının etimadını doğrultdun. Sünilikdən, süni gülüşlərdən, saxta gülüşlərdən uzaq oldun. Tamaşaçını aldatmadın, hissləriylə oynamadın. Hər gülüşün, güldürməyin təbii alındı, şablon şit səhnə hərəkətlərindən uzaq oldun. Səhnədə də, həyatda da təbii olub seçildin. Tamaşaçını məcbur etmədin ki, səni alqışlasınlar, bu alqışlar gülüş dolu çöhrələrdən, ürəkdən gəldi.

1987-ci... Yenicə parladığın ildə ürək əməliyyatı keçirtdin. Bu xəbəri eşidənlərdən ağrına şərik olub yananlar oldu, sağ qalmağın üçün dualar edənlər də. Sevinənlər də az olmadı. Axı sənin bir aktyor olaraq ildırım sürətilə parlamağın, özəl sənətinin gücü, gənc ikən uğurların bəzilərini çox narahat edirdi. “Yəqin gəlməz, geri dönməz”-deyib özünə təsəlli verənlər də var idi. Ancaq arzuları ürəklərində qaldı. Səni bu dünyaya gətirən, bizlərə, bu xalqa bəxş edən Ulu, Qadir Yaradan səni çəkdiyi sınaqdan sonra xəstə çarpayısından yenidən ayağa qaldırdı.

Allahın izniylə səhnəyə döndün. Allahın sevdiyi, qoruduğu bəndəyə heç kim heç nə edə bilməz! Allahın nəzəri bir insanın üzərində olanda pisxislətli, istedadlı, savadlı kadrı istəməyənlər, yol kəsənlər heç nə edə bilmir! Və sən səhnəyə daha məğrur qayıdıb obrazlar yaratdın. Səhnədə hərəkətli obrazlar yaradanda ürəyinin əməliyyatdan sonrakı sancılarını, ağrılarını tamaşaçıdan gizlətdin. Səhnədə olarkən həyatla da vidalaşa bilərdin. Ancaq qətiyyətli və mətn olmağın, qarşına qoyduğun məqsədə çatmaq hökmü sənə güc verdi. Və yaralı ürəyinlə daha güclü rollar yaratdın.

Böyüdüyün “Sovertski” məhəlləsini, bakılı oğlu, bakılı balası olduğunu unutmadın, dəyişmədin. Hikmətli, mübariz olub gənc yaşlarından hikmət sahibinə çevrildin. Əqidəni, məsləkini dəyişmədin. Kişi vüqarını, kişi sözünü hər şeydən uca tutdun, dar günün dostu oldun və bu insani keyfiyyətlərinlə hər zaman seçildin.

Yerlər səhv düşəndə əksər savadsız və qeyri-peşəkarlar “at oynadanda” onlara, havadarlarına kənardan güldün. Kimə? Niyə? Nə üçün? –dedin. Heyf sənə Nəsibə, heyf sənə Hacıbaba, heyf sənə Əliağa, heyf sənə Siyavuş, heyf sənə Nəcibə, heyf sənə Ofeliya, heyf sənə Məsumə, Gülnar, heyf sənə Lütviyyə-deyib ruhlarıyla dərdləşdin, səhnədə onları axtardı nurlu gözlərin.

Əsl sənətkarlar, qüdrətli teatr xadimləri sənə qiymət verdi, teatr tənqidçilərinin diqqətindən yayınmadın, müsbət rəylər aldın. Susmayan tamaşaçı alqışı qazandın. Sənətinlə, peşəkarlığınla...Aparıcı kimi də el şənliklərinin bəzəyi oldun. Toylar, məclislər sənsiz ötüşmədi. Teleaparıcı olaraq da özünü mükəmməl təsdiqlədin. Aparıcısı olduğun verilişlərə və kanallara baxımlılıq, reytinq gətirdin. Tamaşaçı ilə ünsiyyətdə natiqlik, onların qəlbini ovsunlamaq bacarığı səni onlara daha da sıx tellərlə bağladı. İllərdir ki, namaz qılırsan. Dinimizə, dilimizə ehtiram, sayqıyla yanaşırsan. Dövlətini sevən, dövlətçiliyini dəstəkləyən, onun uğurlarını təbliğ edən bir azərbaycanlı, eloğlu...

Sənətkar kimi Allahına sığınaraq Tanrı bəndəsi kimi Tanrı dərgahına ucaldın, səsin, avazın Tanrı dərgahına ucalan səsə döndü. Haqqı nahaqqa vermədin, haqqa tapındın, hər addımında halallığa önəm verdin, halalı üstün tutdun. Əyilmədin, kimlərəsə baş əymədin. Qürurun, mətin iradən, mübariz və cəfakeşliyin səni ucadan uca etdi. İllərdir səhnədə parlaq obrazlar qalereyası yradırsan. Hər obrazın bir sənətindən dərs vəsaitinə çevrilib, bəhrələnənlər günbəgün çoxalır. Hər bir obrazına ürəyinin odundan pay verdin. Səhnə dənin üçün bir məbədgah oldu. Neçə-neçə sənət dostlarına dəstək oldun, onlara geniş üfüqlər açdın. Unudulan sənətkarları, itib-batan ifaçıları aparıcısı olduğun verilişlərə dəvət etməklə onlara ikinci efir həyatı bəxş etdin, yaşatdın onları. Çingiz Əhmədova oxşamaq, onu özünə ideal seçərək yüzlərlə gəncdə aktyor olmaq həvəsi yarandı və yenə də yaranır. Bunun özü sevgi deyilmi? Bunun özü sevilmək deyilmi? Bunun özü sənətkarlığın zirvəsi deyilmi?

Nəvə sevincini yaşayırsan, ustad! Nəvə sevincindən güc alırsan, sənətkar! Müdrik, ziyalı, müqəddəs, hüquqlarımızın qoruyucusu ailəcanlı ömür-gün yoldaşın sənin qoruyucu mələyin oldu. Hər cür kaprizlərinə, ciddi, ağır, tələbkar ailə xarakterinə dözdü. Saf sevgi ilə qurulan ailə həyatın nümunəvi ailə toplusu kimi dillərdə əzbər oldu. Oğlun sənətinin davamçısı kimi töhfələr verir. Qorx qardaşım ha, o, səni üstələyə!!!

Yaş üstünə yaş gəlir. Ömrümüzdən gedən illərə heyfsilənmək olmaz! Bu ömürdür, ömür payımızı yaşamalıyıq. İllər səni, sənət səni gülüş əfsanəsi, gülüşün əfsanəsi etmədimi? Ürəyini, özünü qoru. Sən bizlərə, bu xalqa hələ çox lazımsan, ustad sənətkar, ustad gülüş əfsanəsi.

Qarşıdan gələn 27 dekabr tarixinə olan ad günün mübarək!

Hazırladılar: Alim Nəbioğlu,

İsa Rəvan.