O GÜN TAR DA AĞLAYIRDI

O GÜN TAR DA AĞLAYIRDI

27 Noyabr 2023 10:55
Bəyəndim (4) Bəyənmədim (0)

(Ustad tarzən Cəbrayıl Göyüşovun ifaçılığına)

Bir tar səsi ətrafa yayılmışdı o gün.. Sanki ağlayırdı tar.

Bir tilsim, möcüzə, sirr, sehr idi, Allah. Sanki ustad tarzən, pedaqoq, şəhid qardaşı Cəbrayıl Göyüşov şəhidlərimizə ecazkar ifasıyla laylay çalırdı. Şəhid anaların dərdinə, yanğısına şərik olurdu, onlara təsəlli verməyə çalışırdı. Nişanlısını İkinci Qarabağa müharibəsində itirən xanımın nakam, yarımqalan sevgisinə, sevgisindən yeganə əmanəti, yadigar qalan nişan üzüyünə su səpirdi sanki. Gözləri yollarda qalan, hələ də ata yolu gözləyən körpələrin telinə sığal çəkirdi. Oğul itirən atanın, qardaş itirən bacının, nəvə itirən nənə və babanın yaşadıqlarını dilə gətirirdi tarda. O gün tar da ağlayırdı. “Deyin hardadır, o üzü donmuş” haraylayaraq “Şahnaz”la fəryad edirdi. “Necə keçdi xəbərsiz”-deyib ötən gəncliyinə heyfsilənirdi.

Şəhid qardaşının yoxluğuna alışa-alışa tarını, sadiq dostunu, dərd sirdaşını bağrına basıb “Sənsiz darıxmışam, qardaş”-deyirdi. “Gözümün nur, canım ana” –deyib anasının itkisinə hönkür-hönkür ağlayırdı. Tar da ağlayırdı, özü də, bizlər də. Qəfil göy üzünü qara buludlar aldı, şimşək çaxdı, yağış yağdı, külək üsyan qopardı. Elə bil ifalara yer də, göy də ağlayırdı. Az qala ifanın təsirindən ifaçının ürəyi dayanacaqdı. Gözlərini yumub itkilərini, acılarını, gördüyü haqsızlıqları bir daha xatırladı. Bir az da döz, ay ürəyim, yenidən vur hələ, döyün hələ söyləyərək tarla üsyana başladı. “Cahargah”da, “Humayin”da coşan tar “Şikəstə”də yandırdı, yaxdı. Sahibsiz məzarlıqda uyuyanlara belə bu səs çatırdı... Ünvansız məzarlara da...

Xarakteri kimi bəzən sakit, bəzən coşurdu tarı da. Deyə bilmədiklərini tarıyla deyirdi. Çalışırdı ki, daş ürəkli insanlara haqqını çatdıra bilsin, özü də sənətinin gücü, qüdrətiylə. Özündən xəbərsiz göz yaşları tarın pərdələrini, mizrabını isladırdı. Nə idi o yanğı, nə idi o haray, o fəryad, nalə??? Tar özü də heyrətdəydi. O da cavab axtarırdı... “Məni belə ağlatma, ustadım, sahibim”-deyirdi simlərdən tökülən ifalar, əsərlər, sənət inciləri.

Bu bir tamaşaçı olaraq üzləşdiklərimin təəssüratı idi. Yazmasaydım, özümü bağışlaya bilməzdim. əsl sənətkar çox kövrək olur, onları qorumaq, yaşatmaq hər birimizin borcudur. Yetər ki, zamanı tez qabaqlayan saat kimi qurulmayaq!!!

Alim Nəbioğlu