“Molla Nəsrəddin” jurnalının 119 yaşı tamam olur

“Molla Nəsrəddin” jurnalının 119 yaşı tamam olur

Bəyəndim (3) Bəyənmədim (0)


Bu gün Azərbaycanın ən məşhur və nüfuzlu satirik jurnallarından biri olan “Molla Nəsrəddin”in ilk nömrəsinin nəşrindən 119 il ötür.
Oxuməni.az xəbər verir ki, o, 1906-1931-ci illərdə nəşr olunaraq öz dövrünün mədəni hadisəsi olmaqla yanaşı, həm də fikir azadlığı, maarifləndirmə və ictimai transformasiya uğrunda mübarizədə güclü alətə çevrilib.
Jurnal ilk vaxtlardan oxucular arasında böyük maraq doğurmuş və qısa müddətdə öz dövrünün ən çox oxunan nəşrlərindən birinə çevrilmişdir.
“Molla Nəsrəddin”in yaradıcısı və əsas ilhamçısı görkəmli Azərbaycan yazıçısı və publisist Cəlil Məmmədqulizadə olmuşdur. O, jurnaldan kəskin, cəsarətli nəşrlər üçün platforma kimi istifadə edirdi, nə sosial qüsurları, nə də siyasi ətalətləri əsirgəmirdi.
Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək "Qeyrət" mətbəəsində Azərbaycan dilində "müsəlman ədəbiyyatında əfsanəvi təlxək" "Molla Nəsrəddin" adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir. Həmin ay Tiflis polismeysterinin C.Məmmədquluzadənin "qeyri-qanuni hərəkətdə olmadığını" təsdiq edən arayışından sonra jurnalın nəşrinə icazə verilmişdir. Yazıçının ünvanına göndərilən 874 saylı şəhadətnamə 1906-cı il martın 17-də ona çatmışdır. C.Məmmədquluzadə jurnalın nəşri ilə bağlı məsələləri qısa müddətdə həll edərək dərc olunacaq materialları və karikaturaları hazırlamışdır. "Molla Nəsrəddin"in ilk sayının min tirajla buraxılması nəzərdə tutulmuşdur. Jurnalın 500 nüsxəsi 6 apreldə "bir günün ərzində günortayadək...", qalan 500-ü isə C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin gərgin əməyi sayəsində gecədən səhərədək çap olunmuşdur.
Jurnal ilk zamanlarında çox səliqəli deyildi, lakin müəllif və müxbirlərin istedadı sayəsində qısa zamanda jurnalda təkmilləşmə və irəliləyiş baş verir. Jurnalın mövzuları arasında siyasi və sosial məsələlər, insan hüquqları, dindarlıq, mədəniyyət, cins ayrıseçkilik və s. kimi mövzular əsas yer tuturdu.
"Molla Nəsrəddin" jurnalının həm Azərbaycan, həm də bütün Qafqaz ərazisində böyük təsiri olmuşdur. Jurnal Cəlil Məmmədquluzadənin yaradıcılığı və müasir dövrdəki Azərbaycan mizah və satirasının banisi kimi ən qiymətli nümunələrdən biri olaraq qəbul edilir.
Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu.
1931-ci ildə “Molla Nəsrəddin” jurnalı öz fəaliyyətini dayandırıb. Bu hadisədən bir il sonra böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadə isə dünyasını dəyişib.
Uzun keşməkeşli yol qət edərək xalqımızın maariflənməsində xüsusi xidmətlər göstərən “Molla Nəsrəddin” jurnalı həmişə qəlblərdə düşünüb-düşündürən bir publisistika kimi yaşayacaqdır.
Almaz Həsənli