
Qəribə adət
Mən uşaq vaxtı tez-tez babamgildə olurdum. Evimiz babamgildən bir az uzaq olsa da mən çox vaxt orda qalır, bəzən bütün yay tətilini orda keçirirdim. Evin tək uşağı olduğuma görə mənə nəyi isə etməyimə məcbur edən yox idi. Amma buna baxmayaraq anam mənə ora tez- tez getməyimə icazə vermirdi. Babamgildə qalmağımın səbəbi orada ailənin böyuk olması, kiçik əmimim maraqlı həyat tərzi bundan başqa yay olanda şəhərdə yaşayan böyük əmimim ailəsi ilə kəndə qonaq gəlməsi, daimi yolunu intizarla gözlədiyim əmim uşaqları ilə bir yerdə olmaq, onlarla birlikdə gəzintiyə getmək mənə xüsusi zövq verirdi.
Günlərin bir günü kiçik əmimin nişanlandığını eşitdim. Babamgildə növbəti toy məclisinin ab-havası duyulduğundan görüləsi işlər çoxalmışdı. Odur ki, anam ora getməyə bir o qədər də icazə vermirdi. Buna baxmayaraq mən anamdan gizlin yenə ora baş çəkir, günümün çox hissəsini orda keçirirdim.
... Toydan təxminən 3 gün keçmişdir. Açığını desəm uzun sürən fasilədən sonra babamgilə yenə getdim. Bu dəfə əvvəlki əhval- ruhiyyə ilə yox, bir az ciddi, bir az da sakit tərzdə. İndi gedəndə əvvəlki kimi əylənməyə yox, əmimə toydan qalan işlərin görülməsinə kömək etmək üçün. Necə də olsa evde təzə gəlin var idi.
Bir dəfə yenə babamgildə olanda işimizi görüb qurtara bilmədiyimizdən axşama qaldım. Babamgili evinə yığışanda axşam saat 11-ə qalirdı. Gecəni orda əmioglanlarımla bir yerdə qalmaq qərarına gəldim. Hamımız bir yerdə nənəmin danışdığı sonuncu söhbətini dinləyib durub yatmaq fikirində idik. Birdən gəlinimiz eyvanın qapısında göründü. Bir əlində şuqun aftafa, o biri əlində mis ləyən var idi. Gəlinimiz birinci babama yaxınlaşdı. Babam oturduğu yerdən ayaqlarını çırmalayib ləyənə qoydu. Gəlinimiz isti suyu tökərək babamın ayaqlarını yumağa başladı. Ondan sonra növbə əmimin idi. Heyrətli baxışlarım altında gəlin əlində aftafa ilə mənə yaxınlaşdı. Mən buna etiraz edib geri çəkilmək istədim. Bu vaxtı hardansa nənəmin səsi gəldi: “Utanma, yaxına gəl, bu adətdir!”
Carəsiz yerimdə oturub ayaqlarımı qabağa uzatdım. Gəlin qabağımda dizini yerə vurub parçı əlinə götürdü...
O gündən sonra bir daha babamgilə getmədim. Sonradan eşitdim ki, gəlinimiz əmim ilə birlikdə Rusiyaya gedib.
Mehman Fərmanov