
Özbəkistanda fonoqramdan istifadə edən müğənnilərə fəxri adlar verilməyəcək
Özbəkistanda canlı ifa fəxri adların verilməsi tələblərinə daxil edilib.
Özbəkistanda mayın 1-dən ölkədə dövlət büdcəsindən və büdcədənkənar vəsaitlərdən maliyyələşən konsertlərdə fonoqramlardan istifadəni tədricən məhdudlaşdırmağa başlayacaqlar. Yeni qaydalar hökumət tərəfindən təsdiqlənib.
Nazirlər Kabinetinin sərəncamına əsasən, artıq tamaşaların bütün reklamlarında tamaşaçını nələrin gözlədiyi açıq şəkildə göstərilməlidir: “Canlı ifa”, “Fonoqramlardan istifadə ilə canlı səs” və ya “Fonoqram ilə konsert”.
Mədəniyyət Nazirliyi “Xalq artisti”, “Əməkdar artist”, “Xalq müğənnisi” adları verilərkən, ilk növbədə, ifaçının canlı ifa etmək qabiliyyətinin olub-olmamasına qiymət verəcək.
İyulun 1-dən əlavə güzəştlər verilir. Milli Televiziya və Radio Şirkəti televiziya və radio kanallarında canlı konsertlərin reklamının yerləşdirilməsinə 30 faiz endirim edəcək.
Bədii Şuranın təsdiqindən sonra canlı və ya qismən canlı tədbirlər pulsuz yayımlanacaq.
Bundan əlavə, ölkənin hər bölgəsində canlı ifaçılara dəstək məqsədilə rübdə bir dəfə “Canlı İfa Həftəsi” keçiriləcək.
Xatırladaq ki, Özbəkistanda sənətçilərin və müğənnilərin konsertlərində fonoqramlardan istifadə səviyyəsini göstərməyə məcbur edən qanun bu ilin martında prezident tərəfindən imzalanıb.
Əziz Mustafa, Oxuməni.az