
I Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb
AMEA 80 illik inkişafı tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların üzvü olub. Həmin qurumların Baş Assambleyalarının rəhbər heyətlərinin seçkilərində səsvermə hüququna malik olan elmi təşkilat statusunda təmsil olunub, elm sahəsində dünyada gedən prosesləri, yeni çağırışları yaxından öyrənmək imkanı qazanıb.
Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin Türk dünyasının prioritetliyi haqqındakı çağırışlarının işığında Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsi, Əlyazmaları İnstitutunda Türk əlyazmalarının tədqiqi şöbələri yaradılıb: “Türk dünyasının təməl kitabı olan Mahmud Kaşğarinin “Divanü luğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən orijinalından tərcümə edilmiş nadir əlyazma nüsxəsi 86 ildən sonra aşkar edilib, 3 cilddə çap edilməsi və xüsusən UNESCO-nun Baş iqamətgahında Türk dünyası ölkələrinin türkoloq alimləri ilə birlikdə təqdimatının keçirilməsi akademiyanın 80 illik tarixinin əlamətdar hadisələrindən biridir.
Hazırda Türkiyə Elmlər Akademiyası ilə birlikdə Azərbaycan-Türkiyə ortaq proqramının, Qırğızıstan Elmlər Akademiyası ilə “Çingiz Aytmatov Ensiklopediyası”nın Azərbaycan cildinin sözlüyü, özbək xalqına məxsus “Alpamış” dastanının tərcüməsi üzərində iş aparılması, 3 cildlik “Türk xalqları ədəbiyyatı”nın hazırlanmasına başlanılması akademiyanın Türk dünyası ailəsi ilə həmrəyliyi və əməkdaşlığının inkişaf etməkdə olduğunu göstərməkdədir. Hazırda akademiyada I Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsinə hazırlıq işlərinə başlanılıb”.
Oxuməni.az