Atəşkəsə nail olmaq üçün yaxşı şans əldən verilib

Atəşkəsə nail olmaq üçün yaxşı şans əldən verilib

18 Sentyabr 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya kansleri Olaf Şolts rəsmi səfərlə Astanaya gəlib. Akordada onu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Təntənəli qarşılanma mərasimindən sonra danışıqlara başlanılıb. Prezidentin mətbuat xidməti xəbər verir ki, Tokayev danışıqlarda Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu bildirib.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak edən bütün ölkələr üçün düzəlməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev hesab edir.

O qeyd edib ki, İstanbul sazişinin bağlanmasından imtina ilə ən azı atəşkəsə nail olmaq üçün yaxşı şans əldən verilib, lakin bu, sülh əldə etmək imkanının olmadığı anlamına gəlmir.

“Biz müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirməli və hərbi əməliyyatların dayandırılması barədə qərara gəlməliyik, sonra ərazi məsələlərinin müzakirəsinə keçməliyik. Fikrimizcə, Çin və Braziliyanın sülh planı dəstəklənməyə layiqdir”, - deyə Qazaxıstan prezidenti bildirib.

Tokayev həmçinin əlavə edib ki, Qazaxıstan və Rusiya “strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlığı inkişaf etdirir” və Qazaxıstan Ukrayna xalqına “həqiqi simpatiya” ilə yanaşır.

Çin və Braziliya may ayında Ukraynadakı münaqişənin həlli planını təqdim etdilər, bunun birinci bəndi hərbi əməliyyatların dayandırılmasıdır. Çinin xarici işlər naziri Vanq Yi planı 26 ölkənin dəstəklədiyini bildirib. Ukrayna hakimiyyəti onu rədd etdi.

Oxuməni.az