Rusiyada elektron çağırış vərəqələrinin reyestrinin saytı fəaliyyətə başlayıb

Rusiyada elektron çağırış vərəqələrinin reyestrinin saytı fəaliyyətə başlayıb

18 Sentyabr 18:52
Bəyəndim (12) Bəyənmədim (0)

Hazırda hərbi xidmətə cəlb olunanlar üçün elektron çağırış vərəqələri reyestrinin internet saytı test rejimində işləyir və sentyabrın 17-dən etibarən Rusiya Federasiyasının üç regionunda: Ryazan, Saxalin vilayətləri və Mari El Respublikasında sınaqdan keçirilir.

“Реестрповесток.рф” (Reestrpovestok.rf) saytında mövcud olan yeni resurs noyabr ayından başlayaraq hərbi xidmətə çağırış vərəqələri, habelə hərbi xidmətə çağırış fəaliyyəti ilə bağlı hökumət qərarlarını dərc etməyə başlayacaq.

Xüsusilə, xidmətdən yayınanların hüquqlarının məhdudlaşdırılması ilə bağlı bildirişlər burada dərc olunacaq. Reyestrin yaradılması 2023-cü ilin yazında Dövlət Duması tərəfindən müvafiq qanunun qəbulundan sonra mümkün olub.

Noyabrın 1-dən elektron çağırış vərəqələrinin paylanmasına başlanacağı gözlənilir. Dövlət Xidmətləri(“Qosusluqi”) portalında təsdiqlənmiş hesabı olan vətəndaşlar hərbi xidmətə çağırışla bağlı məlumatları əldə edə biləcəklər. Çağırış vərəqəsi elektron reyestrdə dərc edildikdən 7 gün sonra rəsmi qaydada verilmiş hesab ediləcək.

Bu halda çağırış vərəqəsinin göndərilməsi barədə bildiriş çağırışçıya göndəriləcək, lakin indi əvvəlki qaydalarda olduğu kimi qəbzdə şəxsi imza tələb olunmur.

Qeyd edək ki, sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin 2024-cü il dekabrın 1-dən hərbi qulluqçuların sayının 1 milyon 320 min nəfərdən 1 milyon 500 min nəfərə çatdırılması haqqında fərman imzalayıb.

Almaz Həsənli