Slovakiya prezidenti Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendumu qeyri-mümkün adlandırıb

Slovakiya prezidenti Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendumu qeyri-mümkün adlandırıb

5 İyun 16:17
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi Slovakiya Konstitusiyasının normalarına uyğun gəlmir, ona görə də elan edilə bilməz. TASR xəbər verir ki, bunu Slovakiya prezidenti Peter Pelleqrini deyib.

"Əgər referendumun keçirilməsi üçün konstitusiya və ya hüquqi şərtlərdən hər hansı birinin yerinə yetirilmədiyini aşkar edilərsə, prezidentin onu keçirməyə haqqı yoxdur. Son həftələrdə təhlil etdiyim petisiya ilə bağlı vəziyyət məhz belədir. Ona görə də təkrar edirəm: yuxarıda qeyd olunan referendumu sadəcə olaraq təyin etmək olmaz", - Peter Pelleqrini bəyan edib.

Qeyd olunur ki, referendumun təşəbbüskarı tələb olunan 350 min imzadan 450 mini topladığı iddia edilən Slovakiyanın Dirçəliş hərəkatı (SHO) hesab edilir. Eyni zamanda, Slovakiyanın baş naziri Robert Fitso Slovakiyada Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi ilə bağlı referendumu dəstəkləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Slovakiyada Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendum keçirilməsi tələbi ilə petisiya yaradıldığı bildirilmişdi.

Bu təşəbbüsü şərh edən Fitso əvvəllər qeyd edib ki, sanksiyalar dövründə Rusiya onlara uyğunlaşa bilib və indi belə məhdudiyyətlər yalnız Avropaya ziyan vurur. Onun sözlərinə görə, bu cür sanksiyalar guya Rusiya ilə Ukrayna arasında qarşıdurmanı daha da dərinləşdirir.

Əziz Mustafa