
Ukraynalı qadın Albaniyada istirahət edərkən suda boğulub
Ukrayna vətəndaşı Albaniyada dənizdə istirahət edərkən suda boğulub. RBC-Ukrayna xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 11-də Ukraynanın Albaniyadakı səfirliyinin qaynar xəttinə 1983-cü il təvəllüdlü Ukrayna vətəndaşının ölümü ilə bağlı məlumat daxil olub.
"Yaxınlarının bildirdiyinə görə, mərhum Albaniyaya turizm məqsədi ilə gəlib. Vətəndaşın ölümünə suda baş verən qəza səbəb olub. Cəsədin Ukraynaya aparılması ilə bağlı qərar verilib", - XİN-dən bildiriblər.
Hazırda ölən Ukrayna vətəndaşının cəsədinin vətənə qaytarılmasına konsulluq əməkdaşı yardım edir. İş qurumun nəzarətindədir.
Dünən internetdə Ukrayna vətəndaşının Albaniyada öldüyü barədə məlumat yayılıb. Yerli mətbuatın məlumatına görə, qadın iki qızı ilə birlikdə Albaniyanın Vlora şəhərində istirahət edirdi. Ailə çimmək təhlükəli olduğu vaxt dənizdə çimməyə gedib.
Dənizdə çimərkən qadının qızlarından biri boğulmağa başlayıb. Ana qızının köməyinə gəlib. O, batan qızını xilas edə bilsə də özü boğularaq dünyasını dəyişib. Mərhumun qızı reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır.
Əziz Mustafa