
Druzlar və Suriya atəşkəs imzalayıb
Etnik druz icması və Suriya hökumət qoşunları atəşkəs imzalayıb. Bu, İsrailin Dəməşqə güclü zərbələrindən sonra baş verib. Bu barədə “The Times of Israel” nəşri xəbər verir.
KİV-in məlumatına görə, atəşkəs əsasən druzların məskunlaşdığı Suveyd şəhərində əldə olunub.
Öz növbəsində Suriyadakı druzların liderlərindən biri Şeyx Yusif Cərbu atəşkəs haqqında şayiələri təsdiqləyib.
Onun sözlərinə görə, tərəflər bu ərazidə yolların dövlət qüvvələri tərəfindən mühafizə ediləcəyi barədə razılığa gəliblər. Eyni zamanda, Suveydadakı dövlət qurumları (görünür, əvvəllər diktator Bəşər Əsədin dövründə fəaliyyət göstərən qurumları nəzərdə tutur) öz işlərinə davam edəcəklər.
Atəşkəs həmçinin bu ərazidə iğtişaşlar zamanı baş vermiş cinayət və hüquq pozuntularını araşdırmaq üçün druzlar və Suriya hökumətinin birgə komissiyasının yaradılmasını nəzərdə tutur. Eyni zamanda iğtişaşlar zamanı saxlanılanların hamısı azadlığa buraxılacaq.
Xatırladaq ki, ötən həftənin sonunda Suveyda əyalətində yerli bədəvilərlə druz silahlı qruplaşmaları arasında toqquşmalar başlayıb. Nəticədə azı 30 nəfər həlak olub.
Suriya asayişi bərpa etmək üçün bölgəyə qoşun göndərmək qərarına gəlib. Suriya hərbçiləri ilə druzlar arasında toqquşmalar başlayıb.
Bundan sonra İsrail Suriyadakı druz azlığının müdafiəsinə qalxdı. Suriya Baş Qərargahının Dəməşqdəki binasına raket zərbələri endirilib
Əziz Mustafa