
An-24 təyyarəsinin Amur vilayətində qəzaya uğraması nəticəsində sağ qalan yoxdur
İlkin məlumatlara görə, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsində olanların hamısı ölüb. Bu barədə “TASS” və “RİA Novosti” təcili xidmətlərə istinadən məlumat yayıb.
Bu məlumatın rəsmi təsdiqi olmayıb.
Amur vilayətində An-24 təyyarəsinin qəza yerində helikopterdən müşahidəyə əsasən sağ qalan tapılmayıb. Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzindən “Port-Amura” bildirilib ki, xilasedicilər yerlə qəza yerinə hərəkət edirlər.
Xatırladaq ki, təyyarənin yanan gövdəsi Tındadan 16 kilometr aralıda dağın yamacında tapılıb.
Təyyarə “Xabarovsk- Blaqoveşensk-Tında” reysi ilə uçurdu. O, eniş edrkən ikinci dövrəyə gedib, sonra radarlardan itib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə beşi uşaq və altı ekipaj üzvü də daxil olmaqla 43 sərnişin olub.
“TASS”-ın məlumatına görə, təyyarə təxminən 50 il əvvəl istehsal edilib. 2021-ci ildə təyyarənin uçuşa yararlılıq sertifikatı 2036-cı ilə qədər uzadılıb.
Almaz Həsənli