Almaniya Səhiyyə naziri Yens Şpan kansler Merkelin varisi ola bilər

Almaniya Səhiyyə naziri Yens Şpan kansler Merkelin varisi ola bilər

8 Yanvar 2021 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Səhiyyə naziri Yens Şpan ölkənin kansleri postu uğrunda mübarizə apara və qələbə qazanacağı təqdirdə Angela Merkelin varisi ola bilər.

Oxuməni.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Bild nəşrinin yaydığı məlumatda deyilir. Nəşr yazır ki, koronavirus pandemiyası zamanı Şpanın populyarlığı artıb və o, hazırda kansler vəzifəsinə öz namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

Onu da deyək ki, 2021-ci ilin yanvarında Almaniyada Xristian-Demokrat İttifaqının (XDİ) qurultayı keçiriləcək. Kansler vəzifəsinə əsas namizədlər Bundestaqın beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Norbert Retgen, Şimali Reyn-Vestfaliya Federal Torpağının baş naziri Armin Laşet və biznes lobbiçisi Fridrix Merzdir.

Səhiyyə naziri Yens Şpan əvvəllər Laşeti dəstəkləsə də, son həftələrdə partiyadaşları ilə post uğrunda mübarizə aparmaq imkanlarını müzakirə etməyə başlayıb.

"Jens Şpan mənə dedi ki, mart ayında keçirilmiş sorğularda onun nəticələri Laşetdən qat - qat yaxşı olarsa, o, kansler vəzifəsinə öz namizədliyini irəli sürəcək", - deyə Bild-ə mənbə bildirib.

Xatırladaq ki, Merkel Yeni il müraciətində bəyan edib ki, artıq Almaniya kansleri postuna iddia etməyəcək.

Əziz Mustafa