İranda amerikalı biznesmenə casusluğa görə 10 il həbs cəzası verilib

İranda amerikalı biznesmenə casusluğa görə 10 il həbs cəzası verilib

18 Yanvar 2021 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

İran hökuməti amerikalı biznesmen Emad Şərqini casusluqda ittiham edərək onu 10 il müddətinə azadlıqdan məhrum edib.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqinin ailə dostu NBC teleşirkətinə bildirib. Bununla bağlı qeyd edilir ki, İran hökumətinin bu cür hərəkətləri Tehrana qarşı sanksiyaların yumşaldılması üçün açıq olacağını bəyan edən Cozef Baydenin gələcək administrasiyası tərəfindən diplomatik səylərin həyata keçirilməsini çətinləşdirə bilər.

Teleşirkət xəbər verir ki, İran-Amerika vətəndaşlığı olan 56 yaşlı Şərqi 2020-ci il noyabrın 30-da Tehranda məhkəməyə çağırılıb, casusluqda ittiham olunub və heç bir məhkəmə araşdırması olmadan 10 il müddətinə azadlıqdan məhrum edilib. O vaxtdan bəri ailəsi ondan heç bir xəbər ala bilmir.

Teleşirkətin məlumatına görə, Şərqi, İranda həbs edilən dördüncü xarici ölkə vətəndaşıdır. Bundan əvvəl İranda Siyamək Namazi, onun atası Bəkir və Britaniya vətəndaşı olan ekoloji hərəkat fəalı Murad Tahbaz da qondarma ittihamlarla müxtəlif müddətlərə həbs cəzasına mühkum ediliblər.

Qeyd edək ki, Şərqi, İranda anadan olub, ABŞ-da təhsil alıb. 2016-cı ildə o, həyat yoldaşı ilə birlikdə vətənlə əlaqələrini bərpa etmək üçün İrana qayıdıb. ABŞ-da o, polimer materialların istehsalı sahəsində çalışıb, sonra Abu-Dabidə Aviasiya broker firması ilə əməkdaşlıq edib. İlk dəfə Şərqi, 2018-ci ilin aprelində İranda həbs olunub və istintaqa cəlb edilib. 2019-cu ilin dekabrında İran məhkəməsi Şərqinin əməllərində hər hansı qanun pozuntusu aşkar edə bilməyib. O azad edilsə də, ölkədən getməsinə icazə verilməyib və daim polis nəzarəti altında saxlanılıb.

Hələlik İranın müvafiq qurumları Şərqinin hansı ölkənin xeyrinə casusluq etməsi ilə bağlı açıqlama verməyiblər.

Murad Şahməmmədov