438 gün okeanda qalan və tuta bildiyi balıqlarla qidalanan bir balıqçı

438 gün okeanda qalan və tuta bildiyi balıqlarla qidalanan bir balıqçı

2 İyun 2023 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Xose Alvarenqa illərlə balıq tutmuş, dəniz yollarını yaxşı bilən bir balıqçı idi. O, nə qədər təcrübəli olsa da, fırtınanın gücünə tab gətirə bilməyərək Sakit Okeanda 438 gün qaldığını bildirib. 2012-ci ilin sonunda baş verən bu hadisədə Xose əslində tək deyildi, yanında balıqçı dostu da var idi. Xosenin dostu bir müddət sonra okeandakı həyat şəraitinə dözə bilməyib komanda yoldaşını tək buraxaraq vəfat etdi.

Bəs Xose Alvarenqa 7 metrlik qayıqda bir ildən artıq bir yerdə necə sağ qaldı? Onun danışdığı hekayə doğru idimi? Mütəxəssislər bu barədə nə deyir?

Meksikanın Kosta Azul balıqçı kəndində rəqabət şiddətli idi və Xose Alvarenqa daha böyük balıqlar tutmağa qərarlı idi. O, dostu və işəgötürən Villermino Rodriguez üçün işləyən başqa bir balıqçı ilə yola düşəcəkdi lakin həmin şəxs son anda geri çəkildi.

Alvarenqa bu vəziyyətə çox əhəmiyyət vermədi və işəgötürən şirkətdən Ezequiel Kordoba adlı başqa bir gənc balıqçı seçdi. Alvarenqa əvvəllər bu gənc ilə heç vaxt işləməsə də, onunla danışmasa da, təcrübəsiz gəncin öz səyahətinə uyğun olduğunu gördü.

17 noyabr 2012-ci ildə ikili kiçik motorlu 7 metrlik avarlı qayıqla yola çıxdılar. Qayıq balıqları tutmaq üçün müxtəlif balıq ovu alətləri, portativ elektron radio və böyük buz qutusu ilə təchiz edilmişdi.

Bu səfər Xose Alvarenqanın ümid etdiyi kimi yaxşı gedirdi, çünki onlar tezliklə demək olar ki, bütün buz qutularını dolduracaq qədər balıq tutmuşdular.

Səyahətlərinin bitməsinə bir neçə saat qalmış beş gün davam edəcək tufan qopdu. Alvarenqa və Kordoba qayığı sahilə qaytarmağa çalışsalar da, bu tufanda və yağışda sahilin harada olduğunu görmək mümkün deyildi.

Onların qayıqları balıqların ağırlığına görə manevr edə bilmirdi. Bunun üçün də tutduqlarını dənizə atmalı oldular. Bir müddət yağış suları və özləri ilə gətirdikləri az miqdarda ərzaq hesabına sağ qaldılar. Qayığın mühərriki yararsız vəziyyətdə idi, balıqçılıq alətləri itmişdi və elektronik radioları xarab olmuşdu. Onlar okeanın ortasında yalnız bir neçə zəruri ləvazimatla qapalı qaldılar.

Xose Alvarenqa yalın əli ilə balıq, tısbağa, meduza və dəniz quşlarını tutmağı bacarırdı. Bir müddət belə dolandılar amma günlər həftələrə, həftələr aylara çevrildi və hər şey getdikcə çətinləşdi. Ayın fazalarını izləyərək, Alvarenqa özünü daim məşğul saxlaya bildi. Suda böyüyən və ömrünün çox hissəsini dənizdə keçirən Xose, dəniz məhsulları pəhrizinə, günəşə və sərt duzlu havaya öyrəşmişdi. Kordoba üçün isə vəziyyət fərqli idi.

Kordoba çiy balıq, quş və tısbağa yeməkdən xəstələnməyə başlayırdı. Xəstələndikdən bir müddət sonra o, yeməyi dayandırdı və sonda aclıqdan öldü. Kordobanın ölümündən sonra tək qalan Xose Alvarenqa intihar haqqında düşünməyə başlamışdı. Onun balaca əzilmiş qayığı, səyahət etdiyi yerdən təqribən 9000 kilometr aralıda olan Marşal adalarının ucqar bir küncünə qədər cənuba doğru gilavar hesabına gəlib çatmışdı.

Sahilə çatdıqdan sonra kiçik bir sahil evinin qapısını döydü. Xosenin dediklərinə inana bilməyən ev sahibləri vəziyyəti dərhal səlahiyyətlilərə çatdırıb. Alvarenqanın 11 ay əvvəl öldüyünü düşünən polislər bu hekayədən şoka düşüblər. Hamı kiçik qayıqda olan iki balıqçının artıq öldüyünü düşünürdü. Valideynləri, kiçik qızı və müdiri. Onun qayıdışından yaxınları çox sevindilər. Onun müdiri Alvarenqa üçün axtarış qrupu göndərmişdi lakin fırtına səbəbindən onu tapa bilməmişdilər. Alvarenqa dənizdə bir ildən çox vaxt keçirməsinə baxmayaraq, çox sağlam görünürdü. O, arıqlamışdı, saçları və saqqalı çox uzanmışdı, dərisi qaralmışdı, amma bu qədər yemək yemədən və şirin su içmədən bu qədər qalmaq onu daha da zəiflədərdi. Həkimlər iddia edirdilər ki, o, heç olmasa sinqa xəstəliyinə tutulmalı idi. Bundan əlavə, dəniz mütəxəssisləri Marşal adalarının nöqtəsinə çatmaq üçün xüsusilə düz bir xəttlə üzmək lazım olduğunu, heç bir sükan mexanizmi və ya naviqasiya sistemi olmadan demək olar ki, mümkün olmadığını söyləmişdilər. Havay Universitetinin tədqiqatı okean cərəyanlarının onu birbaşa düşdüyü adaya aparacağını sübut etdikdən sonra bu marşrut uyğunsuzluğu aradan qalxdı. Adamın danışdığı hekayənin doğru və ya yalan olduğu hələ də tam sübuta yetirilməyib. Əgər dedikləri doğru deyilsə, niyə bu qədər uzun müddət evdən ayrı yaşamışdı? Doğrudursa, bu bir möcüzə idi.

Murad Şahməmmədov