"Şəhid və qazi ailələrinin haqlı tələbləri vaxtında həll edilməlidir"

"Şəhid və qazi ailələrinin haqlı tələbləri vaxtında həll edilməlidir"

28 Yanvar 2021 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olduğu kimi, Qaradağ qəsəbəsində qrunt sularının toplandığı ərazidə dəfn edilmiş 17 şəhidin valideynləri həyəcan siqnalı çalır, əlaqədar təşkilatların diqqətini bu məsələyə cəlb etmək istəyirlər. Onların dediklərinə görə, problemi həll etmək üçün döymədikləri qapı qalmayıb. Ancaq çox təəssüf ki, indiyədək konkret heç bir iş görülməyib, Vətən uğrunda canını fəda etmiş döyüşçülərin məzarı isə su altında qalmaqdadır.

Oxuməni.az xəbər verir ki, bu məsələ ilə bağlı mətbuata açıqlamasında BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli bildirib ki, son günlər sosial şəbəkələrdə şəhidlərin analarının öz oğullarının məzarı başında çəkdikləri fəryad və ah-naləyə ürək ağrısız baxmaq mümkün deyil. Onun sözlərinə görə, bəzi məmurlar 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan azğın düşmənə qan udduran, öz canı və qanı bahasına dədə-baba torpaqlarımızı azad edən qəhrəman oğulların ruhunu təhqir etmək, 44 günlük müharibədə qazandığımız şanlı qələbəyə kölgə salmaq və xalqda ölkə rəhbərliyinə qarşı narazılıq yaratmaq istəyirlər.

F. Ələkbərli: "Belə ki, bu işə müdaxil olanlar şəhid ailələrinin haqlı narazılıqlarını nəzərə alıb, Vətən uğrunda canından keçmiş fədakar şəhidlərimizin layiqli bir məkanda dəfn etmək əvəzinə müxtəlif bəhanələrlə yola verməyə çalışırlar. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, cəmiyyətə təqdim etdiyimiz bəyanatda da göstərdiyimiz kimi, əlaqədar təşkilatların şəhid məzarlarına və şəhid analarına bu münasibətini yolverilməz hesab edir, bunun Azərbaycan xalqı və dövləti üçün utancverici bir hadisə olduğunu bəyan edirik. BAO olaraq ümid edirik ki, Qarabağ zəfərinin əldə edilməsində canlarını fəda etmiş şəhidlərimizlə bağlı yaranmış problemlər həll ediləcək, şəhid ailələrinin haqlı narazılıqları dövlət tərəfindən nəzarətə götürəcək və problemin tezliklə həll edilmsi üçün müvafiq göstəriş veriləcəkdir".

Faiq Ələkbərliyə görə, şəhid analarını, şəhid ruhlarını incidərək özləri üçün yeni bir şou düzəldənləri mütləq cəzalandırmaq lazımdır. Onun fikrincə, bu xalqın səbrini şəhidlik zirvəsinə qovuşanlarla test etmək, ya da hər hansı bir oyun oynamaq yolverilməzdir. O, əlavə etdi ki, bununla yanaşı qazi və qazi ailələrinin də şikayətlərinə həssaslıqla yanaşmaq lazımdır. Çünki bəzi qazilərimiz və onların ailələri də hansısa məmurların haqsızlığına məruz qalırlar. Faiq Ələkbərli qeyd edib ki, bütün bu məsələlər dövlət rəhbərliyinin nəzarəti altında olmalı və vaxtında həll edilməlidir. Onun fikrincə, bu zaman da heç bir ayrı seçkilik qoyulmamalı, yəni son 30-32 il ərzində şəhid və qazi olmuş bütün ailələrin haqlı şikayətləri təmin olunmalıdır!

Oxuməni.az