Türkiyə Yunanıstana qaz satmayacaq
Türkiyə Yunanıstana təbii qaz satışını dayandıracaq və
Azərbaycandan aldığı qazın hamısını öz daxili tələbatı üçün istifadə edəcək.
"Cihan" xəbər agentliyinin verdiyi xəbərə görə, Türkiyə Yunanıstana satdığı
illik 750 milyon kub metr Azərbaycan qazını bundan belə özü istifadə etmək
qərarına gəlib.
Məsələ ilə bağlı danışan yüksək vəzifəli rəsmi bildirib ki, bundan sonra
Yunanıstan Azərbaycan qazını Türkiyə üzərindən keçən boru xətti ilə birbaşa
alacaq.
Qeyd edilir ki, Türkiyə bu anlaşmadan da əlavə xeyir götürəcək. Belə ki,
tranzit haqqı olaraq Azərbaycanın Yunanıstana satacağı qazın bir hissəsi
Türkiyəyə veriləcək.
Xatırladaq ki, Rusiya və İrandan da qaz alan Türkiyə ən ucuz qazı bizdən alır.
Azərbaycan Türkiyəyə illik 6,6 milyard kub metr qaz satır.