KİVDF Suraxanıda tədbir keçirtdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 27-də Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində "Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda geniş konfrans keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, 20-dən artıq media rəhbərləri, Suraxanı rayon ziyalıları, aktiv gəncləri və tələbələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önündə gül dəstələrini qoyublar. Sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev muzeyi ilə yaxından tanış edib.
Konfransı giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları salamlayaraq konfransın mahiyyəti və vacibliyi haqqında məlumat verib, sözü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə ötürdü. V.Səfərli öz çıxışında Azərbaycan mətbuatına göstərilən dövlət dəstəyi və Fondun fəaliyyəti barədə geniş məlumat verdi: " Başqa sahələrdə olduğu kimi media sahəsinin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, iki il öncə yaradılan Fond Azərbaycanın müstəqil mətbuatının inkişafına xidmət edir.
Fond KİV-lərin inkişaf etdirilməsi üçün layihə müsabiqələri və jurnalistlər arasında yazı müsabiqələri təşkil etmişdir. Bu da öz növbəsində jurnalistlərin peşəkarlığının artırılmasına və maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Bundan əlavə KİV təşkilatlarına maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə birdəfəlik yardımlar edilmişdir".
Mövzu ətrafında media rəhbərlərindən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə , "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas və "Olimpiya Dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev geniş çıxış etdilər. Bundan sonra mövzu ətrafında müzakirələr başladı. Müzakirələr zamanı əsasən gənclərin verdiyi suallara media nümayəndələri ətraflı cavab verdilər. Konfrans zamanı İstanbul və Kiyevdə ali təhsil alan tələbələr Şaiq Paşayev və Fariz Tağıyev konfransa internet vasitəsi ilə canlı olaraq qoşuldular. Qeyd edək ki, bu tələbələr orta təhsillərini Suraxanı rayonunda almışlar. Sonda qonaqlara Suraxanı rayonunda son illər görülmüş abadlıq və quruculuq işləri ilə bağlı film nümayiş etdirildi.
O.M.