R.T.Ərdoğan sosial şəbəkələri ən böyük təhlükə adlandırdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə vüsət alan kütləvi itaətsizlik aksiyalarına görə "Twitter" sosial şəbəkəsini, xarici kəşfiyyat orqanlarını və yerli müxalifəti ittiham edib. Hürriyet-in məlumatına görə, Türkiyə kəşfiyyatı artıq əcnəbi təşkilatçı şəbəkənin axtarışına başlayıb. Baş nazir konkret adlar çəkməsə də, təxribatçıların başçılarının Türkiyə qanunları ilə üz-üzə qalacaqlarını inamla bildirib. R.T.Ərdoğan həmçinin xarici ölkələrin siyasət idarələrinin onları tənqid etmələrini tənqid edib. "Qoy əvvəlcə özləri təmkinli olmağı öyrənsinlər, sonra bizə öyrədərlər". Lenta.ru-nun məlumatına görə, bunu baş nazir bu gün jurnalistlərə açıqlamasında deyib. BBC News-un yazdığına görə, R.T.Ərdoğan çıxışında ölkənin müxalifət liderlərini təxribatçı adlandıraraq, birbaşa günahlandırıb. Onun hədəfində sosial şəbəkələr də olub. "Tvitter adlı təhlükə mövcuddur. Orada ağ yalanın nümunələrini tapmaq olar. Məncə, sosial şəbəkələr cəmiyyət üçün ən böyük təhlükədir". The Guardian-nın məlumatına görə, bu kəlmələr də Türkiyənin baş nazirinə məxsusdur.
Xatırladaq ki, 31 may tarixindən etibarən Türkiyənin ən böyük şəhərində kütləviləşməyə başlayan etiraz aksiyaları bu gün də davam edib. Etirazçılar 03 iyunda İstanbulun "Taksim" meydanına toplaşsalar da, polisin sərt tədbirləri ilə üz-üzə qalıblar. Eyni zamanda paytaxt Ankarada da "Qızılay" meydanına daxil olmağa cəhd göstərmiş çoxminlik insan kütləsi polis dəyənəklərinə, təzyiqli suya və gözyaşardıcı qazlara tuş gəlib.
Qeyd edək ki, iqtidara qarşı etiraz dalğası üç gün ərzində 60 şəhəri əhatə edib. Amnesty International-ın məlumatına görə, 1700 nəfər həbsə alınıb, polislə qarşıdurmada yüzlərlə adam xəsarət alıb, bir nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Əgər ilk günlər Taksimin "Gezi" parkının sökülməsinə etiraz olunurdusa, indi şüarlar siyasi xarakter alıb. Həddən artıq dindarlıqda ittiham olunan Erdoğan komandasının istefası tələb olunur. AKP ölkənin kütləvi islamlaşmasında aqressiv siyasət yürütməkdə günahlandırılır.
O.M.





























































































