
"Dünya azərbaycanlılarını birləşdirən sayta ehtiyac var"
"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının üzvü, siyasi texnoloq
Yuri Boçarov "Odnoklassniki" saytının prinsipi üzrə dünyanın bütün
azərbaycanlıları, əslən Azərbaycandan olanları,
respublikanın işıqlı gələcəyi, özünün ərazi bütövlüyü uğrunda
mübarizəsinə laqeyd olmayan insanları birləşdirə biləcək
informasiya saytı yaratmağı təklif edir. O, ideyanı dünya azərbaycanlılarının qarşıdan gələn
qurultayına həsr edilmiş "Dünya azərbaycanlıları"nı kim
birləşdirəcəkdir?" adlı məqaləsində irəli sürüb.
İsraildə
yaşayan soydaşımız yazır: "Bu insanlar haqqında informasiya bizim öz
aramızda əlaqələrimizi nizamlamağa kömək edər. O, birgə layihələr həyata
keçirməyə başlamaqda, müştərək işlərlə, ola bilsin ki, birgə biznes
fəaliyyəti ilə məşğul olmağa, ən başlıcası respublikamıza birlikdə kömək
etməyə imkan verər. Axı nə qədər bayağı səslənsə də, biz yalnız
birlikdə güclüyük, biz yalnız birlikdə qalib gələcəyik.
Bu sayt
həmin insanlar haqqında, onların iş yerləri və imkanları haqqında demək
olar ki, istənilən informasiyanı toplamağa imkan verər, həm də xaricdə
yaşayan soydaşlarımızın bir-biri ilə dostluq və işgüzar əlaqələr
yaratmasına kömək edərdi. Bu, respublikanın da xeyrinə olardı.
"Vikipediya" saytının prinsipi üzrə "Dünya azərbaycanlıları" adlı
məxsusi ensiklopedik sayt yaratmaq olardı, xaricdə yaşayan hər bir
soydaşımız həmin sayta ödənişli əsaslarla özünün avtobioqrafik
məlumatlarını daxil edər, həyat yolu barədə söhbət açar, təcrübə
mübadiləsi aparar, öz fotoşəkillərini yerləşdirə bilərdi. Bu sayt
Azərbaycan xalqının mədəni irsinin və nailiyyətlərinin yayılması
məsələsində yaxşı təbliğat vasitəsinə çevrilə bilərdi".
Könül Aypara