Türkiyə İncirlik hərbi bazasını Rusiya aviasiyasına açmağa hazırlaşır
Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" telekanalına müsahibəsində deyib.
M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün detallarından danışaraq ikitərəfli əlaqələr və regional problemlərin müzakirəsi baxımından görüşün çox faydalı olduğunu bildirib. İŞİD-lə mübarizə məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduqlarını nəzərə çatdıran nazir İncirlik hərbi hava bazasını Rusiyaya aça biləcəklərini vurğulayıb: "İŞİD terror təşkilatına qarşı biz hər kəslə əməkdaşlıq edə bilərik. Bilirsiniz ki, İŞİD-ə qarşı aktiv mübarizəyə qatılmaq istəyənlərə İncirlik hava bazamızı açmışıq. Rusiya ilə də eyni şəkildə niyə əməkdaşlıq etməyək? Çünki bu terror təşkilatı hamımızın düşmənidir və ona qarşı mübarizə aparılmalıdır, bu məsələdə Sergey Lavrovun da dediyi kimi, razılığa gəlmişik".
M. Çavuşoğlu iyulun sonu, avqustun əvvəlində iki ölkə prezidentinin görüşəcəyini də söyləyib: "Digər nazirlərlə birlikdə bu görüşə hazırlıq görəcəyik. İqtisadiyyatla bağlı addımlar atılacaq və qərarlar qəbul olunacaq. Enerji sahəsində və digər sahələrlə əlaqədar müvafiq nazirlər bir araya gələcək".
M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlığın başladığını və həmkarı S. Lavrovu Antalyaya dəvət etdiyini də əlavə edib.
Qeyd edək ki, Türkiyənin İncirlik hərbi hava bazası eyni zamanda NATO-nun istifadəsində olan hərbi bazalardan biridir. Burada hazırda Türkiyə ilə yanaşı, ABŞ, Britaniya və Almaniyanın hərbi təyyarələri yerləşdirilib.
Mediainfo.az