“O zaman keçid balları aşağı düşəcək” - Məleykə Abbaszadə

“O zaman keçid balları aşağı düşəcək” - Məleykə Abbaszadə

15 İyul 2016 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Çox zaman abituriyentlər ərizə qəbulunu və ixtisas seçimini "çoxbilmiş" şəxslərə həvalə edirlər. Bu da sonradan onlara problem yaradır".

Bunu Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

O, ixtisas seçimi edərkən təqdim olunan plan yerləri, ixtisaslara ötən ilki keçid balları və abituriyentlərin özlərinin topladığı balları nəzərə almalarını tövsiyə edib: "Bu il plan yerləri təqdim olunub. Hansı ixtisaslara dövlət tərəfindən nə qədər yer ayrıldığı müəyyən edilib. Lakin müşahidələr göstərir ki, imtahandan sonra çox zaman ixtisas seçimi məsələsi problem yaradır. Çünki ixtisası abituriyentlərin özlərinin istəkləri yox, valideynlərin istəyinə uyğun seçilir. Valideynlərə müraciət edərək bildirirəm ki, yarım saat vaxt tapıb, doğru seçim etsinlər. İxtisasların ödənişli olub-olmamasını müəyyən etsinlər. Nə qədərki gec deyil, doğru seçim edilməsində övladlarına dəstək olsunlar. Bəzən valideynlər "çox bilmiş" adamlara müraciət edirlər. Onlar da heç bir əsası olmadan məsləhətlər verirlər. Lakin bizim qaydalarımız açıqdır".

M.Abbaszadə bildirib ki, artıq "Abituriyent" jurnalının 4-cü nömrəsi çapdan çıxıb. Həmçinin ötən il keçid balları da bu jurnalda əks olunub: "İmtahandan sonra hər 20 bala neçə nəfər uyğun olduğu müəyyən edən kitabçalar çap olunur. Bu zaman abituriyent topladığı bala uyğun hansı qrupa aid olduğunu müəyyən edə bilər. İxtisas seçimi edərkən yalnız keçən ilki ixtisaslar üzrə keçid bala əsaslanmaq lazım deyil. Diqqət etmək lazımdır ki, təhsil haqqı aşağı düşüb, yerlərin sayı qalıbsa, demək keçid balı qalxacaq. Təhsil haqqı artıb, yerlərin sayı olduğu kimi qalıbsa, o zaman keçid balları aşağı düşəcək. Hər bir abituriyent 15 ixtisas seçimi edəcək. Heç kim 15 ixtisası seçməyə məcbur deyil. Ya da bütün proses başa çatandan sonra mən filan rayonda oxumaq istəmirdim demək doğru deyil". (publika)

Mediainfo.az