Qubada heç bir mitinq gözlənilmir
Bu yaxınlarda informasiya agentliklərinin Quba rayonu ilə bağlı yaydığı məlumatlar mətbuatda geniş ajiotaj yaratdı. Belə ki, bir neçə müxalifətyönlü informasiya portalları Quba rayonunda özbaşınalıqların baş alıb getməsindən, yeni təyin olunmuş icra başçısının "başçı pulu" yığmasından yazırdılar. Təbii ki, bizlər də bu məsələnin nə dərəcədə doğru olub olmadığını araşdırmaq qərarına gəldik.
Açığı, bütün bu xəbərlər bizlərdə haqlı olaraq suallar yaradırdı. Məgər doğrudanmı dekabr ayında Quba rayonunda yenidən kütləvi mitinq başlayacaq? Həqiqətənmi qubalıların razılığı ilə təyin olunmuş icra başçısı Mübariz Ağayevi sabiq icra başçısı Rauf Həbibovun aqibəti gözləyir?
Bu məsələni araşdırmadan öncə informasiya agentliklərinin Quba rayonu ilə bağlı paylaşdıqları xəbərə nəzər salaq.
Belə ki, Dia.az-ın redaksiyasına Quba rayonundan bir qrup sakin adından şikayət məktubu daxil olub. Narazı vətəndaşlar bildirirlər ki, bu ilin mart ayının 1-də keçmiş icra başçısı Rauf Həbibovu devirən olaylar baş verəndə qubalılar vəziyyətin normallaşacağına ümid edirdilər, amma yanılıblar: "Biz yanıldıq. Doğrudur, Rauf Həbibov konkret ifadələrlə qubalıları təhqir etmişdi. Amma məsələ tək bu deyildi ki, qubalılar həm də sosial problemlərdən narazılıq edirdilər. Onların ciddi problemləri var. Və hələ də həllini tapmayıb. Yeni icra başçısı ilə köhnənin fərqi ondadır ki, Mübariz Ağayev bizi təhqir etməyib. Amma əvvəlki talan siyasəti öz qüvvəsində qalır".
Məktub müəllifləri konkret şikayətlərini də yazıblar: "Mübariz Ağayevin adından sahibkarlardan pul toplanılır. Bazarda ayrıca olaraq "başçının pulu" "vergisi" də yaranıb. Hər bir sahibkar ayrıca olaraq başçıya aylıq pul ödəməlidir. Sahibkarın obyektinin miqyasına uyğun olaraq bu pul dəyişir. Hətta bir ay üçün 300 manat başçı pulu verən də var ki, bu da digər "vergi"lərlə birgə böyük pul edir".
Şikayətçilər bildiriblər ki, artıq bir qrup sahibkar adından icra başçısına müraciət göndərilib: "Əgər yeni başçımız səsimizi eşitməsə, o zaman yenidən aksiyalara başlayacağıq. Çünki dəfələrlə Bakıya yazmışıq, xeyri olmayıb. Rauf Həbibovla bağlı məsələdə də Bakıdan səsimizi eşitmədilər. Sonradan vəziyyət gərginləşdi, reaksiya verdilər. İndi də problemi öz gücümüzə həll etmək istəyirik".
Yazılanlar bizdə maraq doğurdu. Məsələyə aydınlıq gətirmək məqsədi ilə Qubaya yollandıq. İlk öncə Quba sakinlərinin fikrini öyrənməyə çalışdıq. Deyilənlərə görə, bütün bu olanlar yalandır. Quba rayonunda heç bir kütləvi iğtişaşlar və hər hansı mitinq gözlənilmir. Bu cür informasiyalar, yazılan xəbərlər doğru deyil. Bunu bizimlə söhbətində bir neçə Quba sakini bildirdi. Sonda isə Quba rayonu İH-nin mətbuat xidməti, eləcə də icra başçısının I müavini Yusif Abidov məsələnin şayiə olduğunu bildirdilər.
Elə bizlər də öz növbəmizdə bəzi aidiyyatlı qurumlara bildiririk ki, yazılan xəbərlərin hər zaman doğruluğunu yoxlayıb ictimaiyyətə çatdırsınlar. Bütün müxalifətyönlü informasiya agentliklərinin yaydığı xəbərlər şayiədən başqa heç bir məna kəsb etmir.
Sevinc Təbrizli
Aydın Ulusoy













































.jpg)














































