Füzuli İsgəndərovun qətli ilə bağlı məhkəmə davam etdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Firuzə Dadaşova bildirib ki, mərhumun və təqsirləndirilən şəxsin qızı Bülbül İsgəndərova ilə tanış olub: "Bülbül cinayət hadisəsində anası və bacısından şübhələndiyini demişdi".
Digər şahid Nəsibə Quliyeva isə onlarla qonşu olduqlarını, hadisə baş verən zaman oraya getdiklərini və Fizulinin bıçaqlandığını gördüklərini deyib.
Yaqut Əbdüləzimova da oxşar ifadə verib. O, Xalidə İsgəndərova ilə normal münasibətinin olduğunu deyib.
Orxan Süleymanzadə isə ifadəsində bildirib ki, Fizuli İsgəndərov onun dayısıdır: "Dayımın qızı Amanə mənə zəng eləyib atasını bıçaqladıqlarını dedi. Biz də tez onlara, oradan da fotorobort hazırlaması üçün polis idarəsinə getdik. Lakin Xalidə İsgəndərova ilə qızının dedikləri üst-üstə düşmədi.
Şahid suallara cavab olaraq bildirib ki, Bülbül İsgəndərova ona qətlin Xalidə İsgəndərova tərəfindən törədildiyini deyib.
Prosesdə X.İsgəndərovanın vəkilləri onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi iyulun 8-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Mediainfo.az