Ali Məhkəmənin hakiminin həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, X. Əhmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində baş verib. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib.
Hadisədən dərhal sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.
İncə məxluq kobud iş tutdu.
Tofiq Əliyev
O.M.