İraq İsveç hökumətindən Quranı yandıran iraqlı mühaciri ekstradisiya etməyi tələb edir
İraq Xarici İşlər Nazirliyi İsveç rəsmilərindən Stokholmdakı məscidin qarşısında Quranın bir neçə səhifəsini yandıran iraqlı mühaciri ekstradisiya etməyi tələb edib.
Oxuməni.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əs-Səhaf məlumat verib.
O, İsveçdə Quranı yandıran şəxsin İraqdan olduğunu qeyd edərək, "İsveç səlahiyyətlilərini İraq qanunlarına uyğun olaraq mühakimə olunmaq üçün İraq hökumətinə təhvil verməyə çağırırıq" dedi.
İraq Xarici İşlər Nazirliyi İsveç səlahiyyətlilərinin Quranın yandırılması aktının həyata keçirilməsinə icazə verməsi ilə əlaqədar İsveç səfirini , ona etiraz etmək üçün çağırıb. Bundan əlavə, xarici işlər naziri Fuad Hüseyn də İsveç hökumətini “Qurani-Kərimə təkrar edilən təhqirləri dayandırmaq üçün tədbirlər görməyə” çağırıb və xatırladıb ki, “ifadə azadlığı dinin təhqir olunmasına haqq qazandırmır”.
İyunun 28-də müsəlmanların Qurban bayramı günü Stokholm polisi məscidin yanında Quran yandırmaqla növbəti nümayişə icazə verib. Bundan sonra İsveçin baş naziri Ulf Kristersson bu hərəkətə icazə verilməsini yersiz hesab edib. İyunun 29-da hökumətin qərarı ilə əlaqədar İraqda etirazlar başlayıb, daha sonra nümayişçilər İsveç səfirliyinin ərazisinə soxulublar.
İyunun 29-da İsveç səfirləri BƏƏ Xarici İşlər Nazirliyinə və İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Onlar da , bu aksiyaya icazə verilməsinə görə , kəskin etirazlarını bildiriblər.
E.Axund