81 yaşlı ABŞ senatoru danışarkən yerində donub qalıb
ABŞ Senatında Respublikaçıların lideri, 81 yaşlı Mitç Makkonel Konqresdə mətbuat konfransında çıxış edərkən təxminən 20 saniyə donub qalıb. Makkonel ABŞ Konqresində keçirilən mətbuat konfransında əsas çıxışını edərkən bir müddət susub və donmuş halda heç nə deməyib. Cümləsini bitirə bilməyən Makkonel, Senatda illik müdafiə icazəsi layihəsi üzərində işi başa çatdırmaq üçün iki partiyanın dəstəyindən danışarkən heç nə demədən təxminən 20 saniyə boş bir yerə baxaraq susqun qalıb. Yanındakı deputatlar da bir müddət nə edəcəklərini bilməyib, çaş-baş qalıblar.
Senator Con Barrasso Makkonelin qolundan tutaraq: "Hey Mitç, demək istədiyin başqa bir şey var? Yoxdursa yerinizə qayıdaq?" deyə soruşub.
Heç bir söz demədən kənara çəkilən Makkonel daha sonra yenidən jurnalistlərin qarşısına çıxıb və yaxşı olduğunu bildirib.
Xatıtladaq ki, Makkonel ilin əvvəlində qaldığı oteldə yıxılıb və müalicəsi ilə əlaqədar bir müddət Senatda olmayıb.
Murad Şahməmməd