Mərkəzi Avropada daşqınlar: 16 nəfər ölüb

Mərkəzi Avropada daşqınlar: 16 nəfər ölüb

17 Sentyabr 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Həftə sonu Mərkəzi Avropanı vuran daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb və artmaqda davam edir. Bazar ertəsi Çexiya, Polşa və Avstriyada yeni qurbanların olduğu bildirilir.

BBC xəbər verir ki, Rumıniyanın şərqində bütün kəndlər su altında qalıb.

Təbii fəlakətlərə güclü yağışla Mərkəzi və Şərqi Avropanı vuran Boris qasırğası səbəb olub.

Polşanın ölkənin cənub-qərbində yerləşən Nysa şəhərinin meri Kordian Kolbiarz yerli sakinləri mümkün bənd qəzasından və yaxınlıqdakı göldən şəhərə suyun axmasından xilas olmaq üçün daha yüksək yerə köçməyə çağırıb.

“Əşyalarınızı, özünüzü, yaxınlarınızı təxliyə edin. Siz dərhal binanın üst mərtəbəsinə qalxmalısınız, çünki dalğanın hündürlüyü bir neçə metrə çata bilər. Bu o deməkdir ki, bütün şəhər su altında qalacaq”, – mer yazıb.

Polşanın baş naziri Donald Tusk daşqın qurbanlarına kömək üçün bir milyard zloti (təxminən 260 milyon dollar) ayrılacağını bildirərək, Polşanın Aİ-yə yardım üçün müraciət edəcəyini bildirib. Tusk hökuməti fövqəladə vəziyyət elan edib.

Ölkə boyu minlərlə insan təxliyə edilib. Bir çox yerlərdə yollar yuyularaq su altında qalıb, qatarların hərəkəti dayandırılıb.

Slovakiyada Dunayın daşması nəticəsində Bratislava şəhərini su basıb. Yerli KİV-in məlumatına görə, suyun səviyyəsi 9 metr qalxıb və bundan sonra da yüksələcək.

Dunay çayının aşağı axınında yerləşən Macarıstan yaxın günlərdə daşqınların pik həddə çatmasına hazırlaşır. Daşqınlar Dunay boyunca 500 km-lik əraziləri təhlükə altına qoyur. Çay hər 24 saatdan bir metrə yaxın yüksəlir.

Budapeşt meriyası daşqından qorunmaq üçün bir milyon qum torbası hazırlayıb.

Bazar ertəsi axşam saatlarından şəhərdə bəzi tramvay xətləri fəaliyyətini dayandıracaq və çay boyu yollar bağlanacaq. Budapeşt və Vyana arasında qatar reysləri də ləğv edilib.

Macarıstanın Baş naziri Viktor Orban X (keçmiş Twitter) "ekstremal hava şəraiti və Macarıstanda davam edən daşqın səbəbindən" bütün beynəlxalq səfərlərini təxirə saldığını bildirib.

Ən çox yağıntı Çexiyaya düşüb. Şimal-şərqdəki Jesenik şəhərinə son 3 gündə 473 mm yağıntı düşüb ki, bu da aylıq orta göstəricidən 5 dəfə çoxdur.

Avstriyanın Sankt-Pölten şəhərində dörd gündə 1950-ci ilin ən yağışlı payızından daha çox yağış yağıb.

Avstriyada zərər çəkmiş bölgələrə kömək üçün əsgərlər göndərilib. Avstriya İqlim Nazirliyi daşqınlardan zərər çəkənlərə yardım üçün 300 milyon avro ayrılacağını bildirib.

Rumıniyanın şərqində əksər kənd və şəhərlər su altında qalıb.

Slobozia-Konaci kommunasının meri jurnalistlərə deyib: "Əgər siz burada olsaydınız, dərhal ağlayardınız, çünki insanlar ümidsizliyə qapılıblar, elə insanlar var ki, onların yeganə mülkü geyindikləri paltardır".

"Boris" fırtınası İtaliyanın cənubuna doğru irəliləyəcək və oraya güclü yağış gətirəcək. Ölkənin şimalındakı Emiliya-Romanya bölgəsinə ən çox ziyan dəyəcək, orada 100-150 mm-ə qədər yağış gözlənilir.

Mərkəzi Avropada rekord miqdarda yağan yağışa iqlim dəyişikliyi də daxil olmaqla bir sıra amillər səbəb olub.

Alimlər belə hesab edirlər ki, daha isti atmosfer daha çox nəm saxlayır və bu da daha sıx yağıntılara səbəb olur. Bundan əlavə, okeanlar nə qədər isti olsa, bir o qədər çox su buxarlanır ki, bu da fırtınalar üçün zəmin yaradır.

Oxuməni.az