Donbasda başlayacaq savaş daha qanlı olacaq -Hərbi ekspertlərdən xəbərdarlıq

Donbasda başlayacaq savaş daha qanlı olacaq -Hərbi ekspertlərdən xəbərdarlıq

7 Aprel 2022 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azad İsazadə: “Rusiyanın dayanması və ya davam etməsini müəyyən edəcək faktor Donbas müharibəsinin nəticəsi olacaq”

“Putin dayansa, rus xalqı onu devirə bilər... Bu hal Putini narahat edir”

“İndiyə qədər dünya rus ordusunun adı gələndə əsirdisə, indi çox ironik, gülməli və bir sıra halda lətifəyə oxşar reaksiyalar verirlər”

Kiyev Vilayətindən və digər regionlardan geri çəkilən rus ordusu hazırda bütün güc və imkanlarını Donbası ələ keçirməyə səfərbər edir. Bu məqsədlə müxtəlif istiqamətlərdən gətirilən rus ordu birlikləri Luqanksa, Donetskə və Krıma dislokasiya edilir. Dünyanın aparıcı kəşfiyyat qurumları açıq elan edirlər ki, yaxın günlərdə Donbasda qanlı döyüşlər başlayacaq.

Oxuməni.az gözlənilən eskalasiya, tərəflərin imkan, resurs və potensialı, habelə müharibənin mümkün nəticələri ilə bağlı hərbi ekspert Azad İsazadənin Azpolitika.info-ya müsahibəsini təqdim edir:

- Azad müəllim, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci ayı davam edir. Müharibənin hazırkı gedişini necə qiymətləndirirsiniz, mövqe baxımından hansı tərəf daha üstündür?

- Rusiya məğlub olub və bu, birmənalıdır. Sadəcə, Kiyev və digər vilayətləri götürə bilmədiyi üçün rus ordusu qaçır. Amma bu, o demək deyil ki, Ukrayna qələbə qazanıb. Çünki Rusiya Ukraynanın böyük hissəsini götürə bilmədiyi üçün Donetsk və Luqansk vilayətlərini işğal etməyi və Krıma quru yolu açmağı əsas hədəfə çevirir. Əlbəttə, burada əsas düyün Mariupoldur, ruslar bu şəhəri almadan hədəflərinə çata bilməyəcəklər.

Hazırda ruslar qoşunları praktiki olaraq geri çəkməyə çalışır, lakin bu, bir sıra hallarda qaçmağa bənzəyir. Ukrayna Ordusu da Kiyev Vilayətindən çıxan hissələrə zərbələr endirir. Mənim proqnozum budur ki, Rusiya Ukraynadan çıxardığı hərbi birləşmələrini əvvəlcə gücləndirəcək, itkilərini qapadacaq və böyük ehtimalla iki həftədən sonra Luqansk və Donetskdə döyüşlərə atacaq. Stalinqrada bənzədilən Mariupol uğrunda da savaş qızışacaq. Digər istiqamətlərdə də müharibə gedir, amma nəticənin necə olacağı hələlik konkret bəlli deyil.

Donbas istiqamətində Rusiya qələbə qazana bilməsə, sülh üçün yalvarmağa başlayacaq. Bu, gözlənilən qanlı əməliyyatlar başlamazdan əvvəl də görünür. Ukrayna Ordusu Luqansk və Donetskdə möhkəm dayana bilməsə və rus ordusu uğur qazana bilsə, Krıma quru yolu açacaq və Mariupolu da götürəcək. Bəli, belə bir risk hələlik mövcuddur. Ruslar bunu edə biləcəksə, Moskvada qələbə ab-havası yaranacaq. Rus hərbi ekspertləri və politoloqları da açıq bildirirlər ki, Putin mayın 9-na qədər bu məsələni həll etməyə çalışacaq.

- Rusiya və Ukraynanın itkilərini müqayisə etsək, hansı nəticəyə gəlmək olar?

- İtkilər məsələsi fərqlidir. Məsələn, Ukrayna bizim 44 günlük müharibənin təcrübəsindən istifadə edir. Yəni itkilərini yalnız müharibədən sonra rəsmi şəkildə açıqlayacaq. Amma Kiyev həm də Rusiya tərəfinin itkilərini səsləndirir və bunu bir qədər şişirdilmiş formada təqdim edir. Əlbəttə, müharibədə dezinformasiyalardan geniş istifadə edilir.

Maliyyə itkilərinə gəldikdə Ukraynanın ziyanı olduqca böyükdür. Faktiki olaraq şərq vilayətlərinin çoxunda infrastruktur məhv edilib, minlərlə insan öldürülüb, 4 milyondan çox qaçqını var. Rusiyanın da itkiləri az deyil. İstər hərbi personal, istər texnika, istərsə də maliyyə baxımından. Fərq ondadır ki, müharibədən sonra dünya Ukraynaya bərpa olunması üçün kömək edəcək, Rusiya isə sanksiya altında qalmaqda davam edəcək.

- Donbasda gözlənilən döyüşlərdə tərəflərin imkan və resursları nə dərəcədə bir-birinə uyğundur?

- Mümkündür ki, Donbasda ruslar bir qədər operativ davrana bilər. Məncə, rus ordusunu qədərindən artıq aciz və gücsüz qiymətləndirmək düzgün olmazdı. Hələlik gücü var. Rusların mənfi tərəfləri ondadır ki, adi əsgərlərin və gizir, çavuş heyətinin motivasiyası yoxdur. Ukrayna Ordusunun isə motivasiyası ilk gündən yüksəkdir. Ukrayna şəhərlərinin bombalanması, mülki insanların qəddarlıqla öldürülməsi Ukrayna Silahlı Qüvvələrini son dərəcədə qıcıqlandırır və onlar sona qədər dayanmağa hazırdırlar. Yəni ki, ruh yüksəkliyi baxımından Rusiya və Ukrayna ordularını heç bir halda müqayisə etmək doğru olmazdı. Hərbi fazada ruslar şərqdə döyüşləri udsalar, istisna etmirəm ki, Ukrayna Ordusu partizan müharibəsinə keçəcək və imkan düşdükcə rus əsgərlərini məhv edəcəklər.

Hazırda biz diqqəti Donbasa yönəltməliyik. Oradakı situasiyaya, coğrafi mövqelərin nədən ibarət olmasına hökmən baxılmalıdır. Bu halda tərəflərin hansının üstün mövqedə olmasını müəyyən etmək olar. Məsələn, müharibə başlayana qədər Donbasın üçdə biri ruspərəstlərin, üçdə ikisi Ukraynanın nəzarətində idi. İndi bir balaca nəsə dəyişib, amma bu, o qədər də prinsipial əhəmiyyət daşımır. Yəni, vəziyyət təxminən elə əvvəlki kimidir. Hadisələrin sonrakı inkişafının necə olacağını isə indidən demək çətindir.

Nəzərə alınmalıdır ki, bu müharibədən əvvəl də Donbas regionunda Ukrayna Ordusunun ən güclü hərbi hissələri yerləşdirilib və onlar indi də qalır. Elə Mariupoldakı döyüşlər də bunu göstərir. Beş həftədir ki, Mariupolda döyüşlər gedir, amma şəhərin müdafiəçilərinin nə silah-sursatı, nə də ərzağı bitir. Onlar bu gün də müqavimət göstərirlər. Həmin vəziyyət Donbasda da mövcuddur. Donbas əslində əvvəlcədən hazırlanmışdı və ehtimal olunurdu ki, Rusiya ilk zərbəsini bu istiqamətdə vuracaq. Odur ki, Ukraynanın ən güclü hərbi hissələri bu zərbəni qarşılamağa hazır vəziyyətdə idi. Bu baxımdan Donbasda başlayacaq savaş daha qanlı olacaq.

Hələlik Ukrayna açıq elan edir ki, geri çəkilməyəcək. Ruslar da elan edir ki, hazırda yaranan vəziyyəti qəbul etmirlər. Nomalda danışıqlar aparan insanlar hansısa təkliflər verib, amma Putin hələlik onları qəbil etmir. Çünki düşünür k, bəlkə nəsə etmək mümkün olacaq. Putin psixoloji baxımdan geri çəkilən insanlardan deyil. O, məsələyə məntiqlə yanaşmır və hesab edir ki, hələ də güclüdür. Digər tərəfdən, Rusiya ekspertləri hesab edirlər ki, rus xalqı Putinə məğlubiyyəti bağışlamaya bilər. Daha dəqiq desək, Putin dayansa, rus xalqı onu devirə bilər. Əlbəttə, söhbət Rusiyanın “qara camaatı”ndan gedir, hansılar ki, Putinin Ukraynaya müdaxiləsini dəstəkləyiblər, onun düzgün addım atdığını düşünürlər. Bu insanlar Putinin dayanmasına etiraz edəcəklər, bunu qəbul etməyəcəklər. Bu hal Putini narahat edir. Bunu Rusiya cəmiyyətini daha yaxından tanıyan rus mütəxəssisləri deyirlər.

- Bu müharibə Rusiyaya dünyadan təcrid edilmə, böyük maliyyə itkiləri, ciddi sanksiyalara məruz qalma, 10 milyardlarla dollarlıq layihələrinin batması, beynəlxalq nüfuzunun sarsılması və s. hesabına başa gəlib. Bəs, Rusiyanın qazancı nədir?

- Rusiyanın hər hansı bir qazancından danışmaq yersiz olardı. Əvvəla, nəzərə almaq lazımdır ki, rus silahının qüdrəti haqqında mifləri ilk olaraq Azərbaycan 44 günlük müharibədə darmadağın edib. Xatırlayırsınızsa, biz qələbə paradı keçirəndə və qənimət kimi götürülən silahları nümayiş etdirəndə Rusiya buna çox kəskin reaksiya verirdi. Daha sonra izahlar verdilər ki, rus silahları güclüdür, sadəcə ermənilər bundan düzgün istifadə edə bilməyiblər. Ukrayna ordusu isə sübut etdi ki, Rusiyanın nə fərli silahları, nə də fərli döyüşkən ordusu var. Sözsüz ki, buna qədər dünya rus ordusunun adı gələndə əsirdisə, indi çox ironik, gülməli və bir sıra halda lətifəyə oxşar reaksiyalar verirlər. Əlbəttə, bu, Rusiyanın ən böyük uğursuzluğudur və silah bazarına da təsirlər göstərir.

- Hazırda Rusiya və Ukrayna arasında danışıqların getdiyini, müəyyən kontaktların olduğunu nəzərə alsaq, bu amil Donbasda gözlənilən qanlı döyüşlərin qarşısını ala bilərmi?

- Hesab edirəm ki, hazırda davam edən Ukrayna-Rusiya danışıqları Donbasda gözlənilən müharibənin qarşısını almaq iqtidarında deyil. Mənim ehtimalım budur ki, ruslar danışıqlardan sadəcə vaxt udmaq üçün istifadə edirlər və hansısa məqamda Ukraynaya zərbə vurmağa çalışacaqlar. Fərq bircə ondadır ki, ukraynalılar bu “dərsi” ruslardan bir dəfə alıblar. İndi ruslara inanmırlar və danışıqlarda sərt mövqedə dayanıblar. Odur ki, rus ordusu Donbasda məğlub olmayana qədər danışıqlar heç bir nəticə verməyəcək.

Yox, əgər Donbasda rus ordusu nəsə əldə etsə, danışıqlar ultimatum xarakterində olacaq və Rusiya çalışacaq ki, Ukraynadan nəsə tələb etsin, qoparsın. Digər tərəfdən, ruslar Donbası götürə bilsələr və hesab etsələr ki, Ukrayna Ordusunun beli qırılıb, bu halda yenidən Kiyevin üzərinə getmək haqqında düşünə bilərlər. Mən bunu istisna etməzdim. Yox, əgər görsələr ki, özlərinin də durumu ağırdır, gücləri çatmır, bu halda Rusiyanı qane edən şərtlərlə danışıqlara davam edə bilərlər. Odur ki, Rusiyanın dayanması və ya davam etməsini müəyyən edəcək faktor Donbas müharibəsi və onun nəticəsi olacaq.