Sərxoş bir kişi Meksika prezidentini qucaqlayıb öpməyə cəhd edib
Meksika prezidenti Klaudiya Şeynbaum Mexiko şəhər sakinləri ilə görüş zamanı xoşagəlməz hadisə ilə üzləşib. Küçədə vətəndaşlarla danışarkən bir kişi ona arxadan yaxınlaşıb, qucaqlayıb və öpməyə çalışıb, AP xəbər verir.
Xanım Şeynbaum kişinin əllərini sakitcə özündən uzaqlaşdırıb, ona tərəf dönüb gülümsəyib. Yalnız bundan sonra təhlükəsizlik qüvvələri sərxoş kimi görünən kişini sakitləşdirməyə çalışaraq reaksiya verib. Sosial mediada yayılan videoda dövlət başçısının onlara "narahat olmayın" dediyi eşidilir.
Meksika prezident administrasiyası hələlik hadisə ilə bağlı şərh verməyib. Xanım Şeynbaum mütəmadi olaraq ölkə sakinləri ilə görüşür, küçələrə çıxır, əl sıxır və izdihamla selfi çəkir.
Bir kişinin ölkə prezidentini öpməyə cəhd etməsi səhnəsi sosial mediada siyasətçilərin müdafiəsinin olmaması ilə bağlı qəzəbə səbəb olub. Çərşənbə axşamı xanım Şeynbaum 1 noyabrda Ölülər Günü şənlikləri zamanı şəhərin mərkəzi meydanında güllələnərək öldürülən Uruapanın meri Karlos Alberto Mansonun dul arvadı ilə görüşüb.
Əziz MUSTAFA


















































































