Kəndimizə təbii qaz verildi , yaxud, “Boyat”dan “Bayat”a keçidin vaxtı deyilmi?

Kəndimizə təbii qaz verildi , yaxud, “Boyat”dan “Bayat”a keçidin vaxtı deyilmi?

20 İyul 2019 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gündür ki, Azərbaycan mətbuatı, teleradiosu şad bir xəbər yaymaqdadır, Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz çəkilib. Doğrusu, təbii qaz bu kəndə hələ mart ayından çəkilib. Biz Bakı Dövlət Universitetinin jurnalist tələbələri olaraq bu ilin aprel ayında millət vəkili, əvəzsiz jurnalist Aqil Abbasın təşəbbüsü ilə Ağcabədiyə böyük Cəlil Məmmədquluzadənin əməl dostu, ömür gün yoldaşı Həmidə xanımın ev muzeyinə səfər etdik.İki gün müddətində Ağcabədinin, Ağdamın tarixi yerlərini ziyarət etdik.O zaman Ağcabədi rayonunun İcra başçısı Şahin müəllim Məmmədov bizə rayonun müasir inkişaf sürətindən qürurla danışdı və onu da xüsusi vurğuladı ki, lap bu günlərdə Ağcabədinin Boyat kəndinə qaz çəkilişi başa çatıb.Mən əslən bu kənddənəm və kənd adamlarının qazsızlıqdan çəkdiyi əziyyətə yaxşı bələdəm.Amma bu gün kəndimizin sakinləri bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin regionlara göstərdiyi qayğıdan danışır, Vətənimizin hər yerində gedən quruculuq işlərindən qürur duyurlar.

Bu günlər Azərbaycan mediası bizim kəndə qaz çəkilişinin başa çatması münasibətilə geniş və təhlili xəbərlər yaydı. Kəndə qaz çəkilişinin açılışında şəxsən Sokarın rəhbəri Rövnəq Abdullayev iştirak etmişdi.Çox fərəhli bir faktdır. Lakin mən bu anda bir arzumu bildirmək istərdim. Ağcabədinin Ağdam istiqamətində son kəndi olan bu kəndin haçansa Bayat elinə məxsus olduğunu unudulmuş və onu Boyat adlandırmışlar. Məlumdur ki, boyat sözü köhnə, yararsızlaşmış mənalarını ifadə edir. Məsələn, çoxdan qalıb yeyilməyən,yararsız olan çörəyə boyat çörək deyirlər. Bizim kəndimiz qədim Bayat elinə məxsusdur. Bayat eli Azərbaycanın ən qədim yaşayış məskəni olub, xalqımızın min illərdən gələn milli dəyərlərini, adət-ənənələrini formalaşdırmış bir məkandır. Bu kənd indinin özündə də -yəni dünya nə qədər dəyişsə də xalqımızın milli dəyərlərini göz bəbəyi kimi qorumaqda olan bir obadır.Bu müasir kənddə millət vəkili Aqil Abbasın hədiyyə etdiyi kitabxana həmişə oxucu ilə doludur...

Çox təssüf ki, qədim Bayat elinin adını daşımalı olan bu kənddə “Bayat” sözündəki a səsinin o səsi –yəni “Bayat” əvəzinə “Boyat” yazmaqla ciddi bir məna səhvinə yol verilib. Mən müəllimim Cahangir Məmmədlinin hələ 2013-cü ildə “525-ci qəzet” də dərc etdirdiyi “Aqil Abbas: el adamının portret cizgiləri” sərlövhəli oçerkində Aqil müəllimin doğulduğu bu kəndi Bayat kimi təqdim etməsinə çox sevinmişdim.Lakin etiraf edim ki, bizim bu kəndə təbii qazın verilməsi ilə bağlı mətbuat və telexəbərlərin hamısında “Boyat” adını oxuyub çox məyus oldum. Əlbəttə, mən medianın səhv etdiyi fikrindən uzağam. Amma içimdə belə bir istək var ki, gərək bizim media “Boyat” kimi mənfi çalarlı bir sözün niyə bu kəndin adina verildiyinə, “Bayat” ın təhrif edildiyinə öz etirazını bildirsin. Bir də təkrar edirəm, mən özüm əslən bu kənddənəm və neçə müddətdir ki, “o” səsini “a” ya çevirərək bu gözəl kəndi Bayat kimi təqdim

etməkdəyəm.Qürur hissilə bu kəndin arzu etdiyim adını –Bayat toponomini özümə təxəllüs seçmişəm.

Günel Mehdizadə (Bayatlı)