MKİ Stiv Cobsun uğur qazanmasına kömək edib
"Apple" korporasiyasının qurucusu və uzun illər rəhbəri olmuş Stiv Cobsun uğuru böyük ölçüdə 1980-ci illərdə onun şirkətindən minlərlə kompüter alan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sayəsində mümkün olub. Oxuməni. az xəbər verir ki, bu barədə "The Wall Street Journal" keçmiş jurnalist Şeron Veynbergerin kitabına istinadən yazır. Onun məlumatına görə, bu sövdələşmə Cobsun biznesinin inkişaf etməsinə və "Apple"ın tərkibinə daxil olmasına şərait yaradıb.
Məqalədə deyilir: "1980-ci illərdə "NeXT" şirkətinin ayaqda qalmasına kömək edən MKİ-nin maliyyə dəstəyi olmasaydı, Stiv Cobs bəlkə də "Apple"a öz zəfər yürüşü ilə qayıda bilməzdi".
Nəşr yazır ki, 1985-ci ildə "Apple"dan ayrıldıqdan sonra Cobs "NeXT" şirkətini qurdu, lakin onun bahalı maşınları satılmırdı – ümid bəslədiyi universitetlər onları almaqdan imtina edirdilər. Məhz o zaman MKİ nümayəndələri bir il ərzində 20 min kompüterə ehtiyac duyduqlarını bildirdilər və istehsalı ayda bir neçə min ədədə çatdırmaq üçün "Sun Microsystems"in mütəxəssislərini cəlb etdilər. Yüksək ayırdetmə qabiliyyətinə malik ekranları olan bu kompüterlər Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi tərəfindən peyk şəkillərinin emalı, habelə rəhbərlik və qanunvericilər üçün materialların hazırlanması məqsədilə istifadə olunurdu.
Sonradan MKİ stansiyaları modernləşdirərək, onlara daha güclü "Motorola" çipi və "Intel" videokartı quraşdırdı. Bu sövdələşmə "NeXT"in inkişaf etməsinə və "Apple"ın tərkibinə daxil olmasına imkan verdi. Daha sonra onun əməliyyat sistemi Cobsun rəhbərlik etdiyi şirkətin məhsullarının əsasını təşkil etdi.
Almaz Həsənli


.jpg)





















































































