
Müğənni Qismət Məmmədzadə xalqı etiraza səslədi
Hazırda Almaniyada yaşayan müğənni Qismət Məmmədzadə xalqı Yeni İl münasibəti ilə Bulvarda keçiriləcək atəşfəşanlığı baykot etməyə çağırıb. Musavat.com xəbər verir ki, bu barədə müğənni öz Feysbuk səhifəsində status paylaşıb.
Həmin statusu olduğu kimi təqdim edirik deyilir:
"Bu il yenə də yeni il münasibəti ilə milli parkda atəşfəşanlıq olacaq. Demək hökumət son günlər ölkədə baş verən krizisə baxmayaraq yenə də xalqın pullarını havaya sovuracaq. Əslində bu təəccüblü deyil. Bu hakimiyyət zatən illərdir öz xalqından başqa hər bir zibilə pul xərcləyir. Bunu anladım. Amma xalqın buna niyə etiraz etmədiyini hələ də anlaya bilmirəm. Həm də etiraz üçün elə də böyük bir şey lazım deyil. Sadəcə o atəşfəşanlığa GETMƏYİN! Əgər küçələrə çıxıb etiraz edə bilmirsinizsə heç olmasa çıxmayıb etiraz edin!"
Qeyd edək ki, müğənninin bu fikirlərinə sosial şəbəkədə çoxlu sayda şərhlər yazılıb, bəyənilib.
Xatırladaq ki, bir müddət əvvəl müğənni sosial şəbəkədə telekanalların ona qadağa qoyduğunu yazmışdı. Daha sonra isə Məhəmməd Əmin Rəsulzadəyə mahnı həsr etdiyi üçün gündəmə gələn müğənni Qismət Məmmədzadənin Almaniyada siyası sığınacaq aldığı barədə məlumat yayılmışdı. Lakin müğənni Almaniyada yaşadığını desə də sığınacaq aldığını təkzib etmişdi.
İndi belə rəylər var ki, ölkədə olduğu vaxt heç bir müxalifyönlü çıxışlarıyla seçilməəyn müğənninin bu "dissident"liyi sırf siyasi sığınacaq almaq niyyəti ilə bağlıdır.
Mediainfo.az