İran Hörmüz boğazından hərəkəti qadağan etdiyini elan edib

İran Hörmüz boğazından hərəkəti qadağan etdiyini elan edib

10:18
Bəyəndim (1) Bəyənmədim (0)


İran Hörmüz boğazından bütün hərəkəti qadağan edib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanının müavini Məhəmməd Əkbərzadə bildirib. Bu qadağa neft tankerləri, ticarət və balıqçı gəmilərinə də aiddir.
Oxuməni.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
"İranın Hörmüz boğazında hərəkətin qadağan olunduğunu elan etməsindən sonra, bu boğazdan neft, ticarət və balıqçı gəmilərinin hərəkəti qeyri-mümkün olub", - deyə Əkbərzadə bildirib.
Ötən gün SEPAH komandanının müşaviri, general İbrahim Cəbəri, Hörmüz boğazının bağlanması səbəbindən neftin qiymətinin bareli 200 dollara qədər yüksələ biləcəyini bildirmişdi. Dünən Fars körfəzi limanlarında 3 mindən çox gəminin Hürmüz boğazından keçmək imkanını gözlədiyi bildirilirdi. Dəniz informasiya agentliyi Clarksons Research-in məlumatına görə, körfəzdə dünya gəmi tonnajının təxminən 4%-i dayanmış vəziyyətdədir.
Daha əvvəl Cəbəri, Hörmüz boğazından keçməyə cəhd edən istənilən gəminin yandırılacağını bildirmişdi. Bundan əvvəl, ötən həftə sonu İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında gəmi hərəkətini dayandırmışdı, lakin qısa müddət sonra ABŞ və İsrail arasında tammiqyaslı eskalasiyaya baxmayaraq, neft tranzitini davam etdirmək qərarına gəlmişdi.
Bloomberg-in məlumatına görə, Fars körfəzində hər biri təxminən 2 milyon barel neft daşıya bilən ən azı 40 supertanker dayanmış vəziyyətdədir.
Almaz Həsənli