Ashihara Karate Federasiyası ənənəvi olaraq kəmər imtahanı keçirdi
Ötən bazar günü 02 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Ashihara Karate Federasiyası karateçilər arasında növbəti dəfə ənənəvi olaraq kəmər imtahanı keçirdi. Əvvəlki imtahanlardan fərqli olaraq bu dəfəki imtahan-seminar idmançıların məşq etdikləri klubda keçirilsin deyə federasiya tərəfindən qərar qəbul olunmuşdur. Mən də imtahanı yaxından izləmək üçün Ashihara Karate Federasiyasının Sulutəpə Ashihara Karate Klubunda idim.
İlk öncə imtahan verən idmançılar təntənəli surətdə zala daxil oldular. Açılış üçün söz I dan Qara Kəmər sahibi Anar İbrahimova verildi. Xatırladım ki, Anar müəllim karatenin bu növündə hal-hazırda dərs deyən məşqçillərin, demək olar ki, hamısının müəllimi olub. Ustad karateçi bütün idmançılara uğurlar arzuladı və bildirdi ki, mən bu imtahanda iştirak edən idmançıların içərisində gələcəyin avropa və dünya yarışlarının qalibləri olacağına çox inanıram və arzu edirəm ki, karatedə kəmər imtahanına ciddi hazırlaşdığınız kimi, təhsilinizə də ciddi yanaşasınız.
Sonra söz Azərbaycan Ashihara Karate Federasiyasının vitse-prezidendi, Şahin Bağırova verildi.
Şahin Bağırov da idmançılara bol naliyyətlər arzuladı və qeyd etdi ki, ölkəmizi dünyada təmsil edən savadlı və sağlam idmançılara hələ çox ehtiyacımız olacaq.
Sonra kəmər imtahanı götürmək üçün Ashihara Karate Federasiyasının məşqçiləri Dünya, Avropa və Asiya çempionları Elnur, Natiq və Kənan müəllim imtahan öncəsi Ashihara Karate Federasiyasının Prezidendi, əməkdar idman xadimi Marif Bağırovun təbriklərini karateçilərə çatdırdılar. Nəhayət gərgin imtahan başladı. İdmançılar müxtəlif nömrələr nümayiş etdirdilər. Yaxşı nəticə göstərən karateçilərə diplom və kəmərlər təqdim edildi. Sonda Ashihara Karate Federasiyasının Sulutəpə Ashihara Karate Klubu adından imtahan götürən məşqçi heyətinə Təşəkkürnamələr təqdim edildi...
Murad Şahməmməd