Pentaqon İranda əməliyyatları davam etdirmək üçün 200 milyard dollardan çox vəsait ayırmaq istəyir
ABŞ ordusu İrana qarşı əməliyyatlarını davam etdirmək üçün 200 milyard dollardan çox vəsait ayırmaq istəyir. Bu barədə The Washington Post (WP) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon Ağ Evdən "İrandakı müharibəni maliyyələşdirmək üçün Konqresdən 200 milyard dollardan çox vəsait ayırmaq istəyini" təsdiqləməsini istəyib. Nəşr bildirir ki, Müdafiə Nazirliyi bu vəsaitlərin bir hissəsini "ABŞ və İsrail qüvvələri son üç həftə ərzində minlərlə hədəfə zərbə endirdikdən sonra ehtiyatları tükənən vacib silahların istehsalını təcili olaraq artırmaq" üçün istifadə etmək istəyir.
Məqalədə qeyd olunur ki, "Ağ Evin qanunvericilərdən nə qədər məbləği təsdiqləməsini istəyəcəyi hələ də məlum deyil". Vaşinqton administrasiyasının bəzi rəsmiləri hesab edir ki, bu ehtiyaclar üçün 200 milyard dollar ayrılması qeyri-realdır. Nəşr Pentaqonun bu vəsaitləri təmin etmək cəhdinin "Konqresdə böyük bir siyasi mübarizəyə səbəb olacağını" vurğulayır. Məqalədə nümunə olaraq ABŞ Konqresinin 2025-ci ilin dekabr ayına qədər Ukraynaya yardım üçün ümumilikdə 188 milyard dollar maliyyələşdirməni təsdiqlədiyi qeyd olunur.
Ağ Ev Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett 15 martda CBS-ə verdiyi müsahibədə bildirib ki, Vaşinqton administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün Konqresdən əlavə maliyyələşdirmə tələb edib-etməməyi nəzərdən keçirir. Onun sözlərinə görə, ABŞ ilk bir neçə gündə hərbi əməliyyatlara təxminən 12 milyard dollar xərcləyib.
Əziz MUSTAFA


































.jpg)
.jpg)
.jpg)













































