Futbol ulduzunun cəlladlığı – Villaplan kasıb yəhudiləri qətlə yetirir, varlıları buraxırmış

Futbol ulduzunun cəlladlığı – Villaplan kasıb yəhudiləri qətlə yetirir, varlıları buraxırmış

20 May 2023 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

O, öz dövrünün ən məşhur futbolçularından biri sayılıb. 1930-cu ildə Uruqvayda futbol üzrə 1-ci dünya çempionatı keçiriləndə Aleksandr Villaplan yaşıl meydançaya Fransa yığmasının kapitanı kimi çıxıb. Məhz həmin turnirdə fransızların Meksika yığmasını 4-1 hesabı ilə məğlub etməsi Villaplanı daha da populyarlaşdırıb. Amma Villaplanın məşhurluğu təkcə futbol sahəsi ilə bağlı olmayıb, o, həm də II dünya müharibəsi zamanı ən amansız və qəddar cəllad kimi tanınıb...

Aleksandr Villaplan 1905-ci ildə Əlcəzairdə yoxsul kəndli ailəsində anadan olub. Artıq yeniyetməlik yaşına çatanda o, ehtiyac içində keçən həyatını dəyişmək haqqında düşünüb. Təhsil almaq, pul qazanmaq məqsədilə Villaplan 16 yaşında Fransada yaşayan dayısının yanına gedib. Fərqli Fransa həyatı yeniyetmə üçün gözqamaşdırıcı görünüb, əyləncələrlə zəngin bu ölkədə Villaplan təhsil almaqdan vaz keçib. Amma özünə başqa bir məşğuliyyət tapıb. O, dayısının köməkliyi ilə “Set” futbol klubunda məşqlərə yazılıb. Çox qısa müddətdən sonra onu klubun əsas heyətinə qəbul ediblər və bunun müqabilində Villaplana aylıq pul da ödəyiblər. Beləliklə, Villaplanın futbol karyerası başlayıb.

8ca78b033ca0d43cb014887882615fac.jpg (54 KB)

Bir neçə ildən sonra Fransanın ən tələbatlı futbolçusuna çevrilən Villaplan bir-birinin ardınca beş klub dəyişib, əli pula öyrəşən futbolçu daha çox qonorar vəd edən klublara üz tutub, məşqçilər qarşısında şərtlər qoyub. 25 yaşında isə o, Fransa millisinin kapitanı olub.

Bütün bu uğurlar, böyük qazanclar Villaplanın yolunu başqa istiqamətə dəyişib, kazinolar, gecə klubları, cinayətkar aləmlə əlaqələr futbolu ona unutdurub. Daha çox zənginləşmək üçün Villaplan futbol maxinasiyalarına girişib, oyundan əvvəl klublarla gizli sövdələşmələr aparıb, süni qələbə və məğlubiyyətlər sayəsində böyük məbləğlər əldə edib. Futbolçunun bu maxinasiyaları diqqətdən kənarda qalmayıb, əvvəlcə onu yığma komandadan uzaqlaşdırıblar, daha sonra klublarda oynamaqdan məhrum ediblər.

1784330326_0_0_1200_675_1920x0_80_0_0_9c692da9159ac402c1733a6db4b7e4a2.jpg (155 KB)

Futboldan əlini üzən Villaplan Parisdə təşkilatçı qismində at yarışlarına girişib. Ancaq burada da tamahı ona üstün gəlib. 1935-ci ildə o, keçirilən yarışların nəticələrini saxtalaşdırdığına görə cinayət məsuliyyətinə cəlb edilib və bir müddət dəmir barmaqlıqlar arxasında qalıb.

1930-cu illərin sonlarında Villaplanıın adı bir çox cinayət hadisələrində hallanıb. Polis onu nəzarəti altında saxlayıb.

II dünya müharibəsi çoxlarının həyatını dəyişdiyi kimi Villaplanın da həyatını “yeniləyib”.

1940-cı ildə Almaniya Fransanı işğal etdikdən sonra Villaplanın qarşısında pul qazanmaq üçün yeni şanslar açılıb. Vaxtilə Fransanın idman şərəfini qoruyan futbolçu işğaldan bir neçə gün sonra almanlarla əməkdaşlığa razılıq verib. Əvvəlcə onu Parisdə fəaliyyət göstərən gestapoda xidmətə götürüblər. Bu işdə Villaplanın əsas vəzifəsi yəhudilərin yerlərinin müəyyənləşdirilməsi və saxlanılması olub. O, üzərinə düşən vəzifəni yüksək səviyyədə icra edib, özü də ikitərəfli. Belə ki, Villaplan yəhudiləri almanlara təhvil verməklə yanaşı, həm də imkanlı yəhudiləri pul qarşılığında aradan çıxarmaqla da məşğul olub. Çox keçməmiş “nümunəvi” xidmətinə görə Villaplan xüsusi müstəntiq təyin edilib. Bu vəzifəsində onun üzərinə yəhudilərin dindirilməsi, əmlak və əşyalarının qeydə alınması və müsadirəsi missiyası düşüb. Bir il ərzində Villaplan illər boyu futboldan qazandıqlarından qat-qat artıq qazanc əldə edib.
1943-cü ildə Fransada müqavimət hərəkatı fəallaşanda Adolf Hitlerin əmri ilə Parisdə xüsusi təyinatlı briqada yaradılıb. Şanslı futbolçu leytenant rütbəsi alaraq briqadaya komandir vəzifəsinə təyin edilib. Komandir vəzifəsində Villaplanın yeni “istedadı”, cəlladlığı üzə çıxıb. Villaplan çoxsaylı ölümlərlə nəticələnən əməliyyatlarda və edamlarda şəxsən özü iştirak edib. O, demək olar ki, hər gün yəhudilərin yaşayış yerlərində reydlər keçirib, bu reydlər zamanı əldə etdiyi “qənimət”ləri heç bir sənədə salmayaraq şəxsi xəzinəsinə yığıb. Villaplanın qəddarlığı o həddə çatıb ki, hətta faşistlər ona bir az mərhəmətli olmağı tövsiyə ediblər.

1944-cü ilin avqust ayında Fransa işğaldan azad olunanda Villaplanın qaçmaq imkanı olsa da, o, Parisi tərk etməyib. Elə düşünüb ki, nə vaxtsa ulduz futbolçu olduğuna görə ona toxunmayacaqlar. Ancaq hər şey əksinə baş verib. Vaxtilə Villaplanın azarkeşləri məhkəmə prosesində ona qarşı ifadələrlə çıxış ediblər. Futbolçu kütləvi qətllərdə ittiham edilib.

volga.jpg (147 KB)

Villaplanın məhkəmə prosesi uzun sürməyib. Bir neçə gün dinlənilən şahid ifadələri onun törətdiyi cinayətlərin təsdiqi üçün kifayət edib. Şahidlər öz ifadələrində işgəncələr, edamlar zamanı Villaplanın üzündə həmişə təbəssüm olduğunu da vurğulayıblar. Elə hakim də öz hökmünün sonunda bu təbəssümə toxunub:

“Futbol üzrə Fransa yığmasının keçmiş kapitanı, təsdiqini tapan bütün cinayət əməllərini təbəssümlə törədən Aleksandr Villaplan ən ağır cəzaya, ölüm hökmünə məhkum edilir...”

1545407577_3.jpg (112 KB)

39 yaşlı Aleksandr Villaplan haqqında çıxarılan hökm 26 dekabr 1944-cü ildə Arkey kommunasında icra edilib. Musavat.com