Miqrant axını ABŞ-ın ciddi probleminə çevrilib
Co Bayden administrasiyasının yumşaq siyasəti tarixdə ABŞ-a ən böyük miqrant axınına səbəb olub. Miqrantlar hazırda ölkə əhalisinin 15,2%-ni təşkil edir. Sonuncu dəfə belə yüksək sayda miqrasiya axını 1890-cı ildə qeydə alınıb. Co Bayden administrasiyası dövründə miqrant axını 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki böyük immiqrasiya dalğasını üstələyib.
2021-ci ildən 2023-cü ilə qədər illik xalis miqrasiya orta hesabla 2,4 milyon nəfər təşkil edib. Co Bayden administrasiyası zamanı ümumi xalis miqrasiya çox güman ki, 8 milyonu keçib. “The New York Times” qəzetinin yazdığına görə, 2021-ci ildən ölkəyə gələn immiqrantların təxminən 60%-i bunu hakimiyyətin qanuni icazəsi olmadan edib. Qanuni və qeyri-qanuni immiqrasiyanın birgə artımı başqa ölkədə doğulan ABŞ əhalisinin payını 2020-ci ildəki 13,6%-dən 2023-cü ildə 15,2%-ə yüksəldi. Buna səbəb 46-cı prezidentin hakimiyyətdə olduğu ilk üç il ərzində apardığı immiqrasiya siyasətidir.
Bəzi miqrantlara işlərinə immiqrasiya məhkəmələrində baxılarkən müvəqqəti hüquqi status verilib. Digərləri isə qanuni icazə olmadan ölkədə yaşamağa davam ediblər.
Xarici miqrasiya məsələsində xarici siyasət amilləri də rol oynayıb. Haitidəki iğtişaşlar, Ukraynadakı münaqişə və Venesueladakı vəziyyət qaçqınların ABŞ-a axınına səbəb olub. Bu, ABŞ-da qaçaqmalçılıq şəbəkələrinin və Meksika narkotik kartellərinin böyüməsi ilə müşayiət olundu. Vəziyyət o qədər qorxulu olub ki, bu ilin iyununda administrasiya xaricdə nəzarəti gücləndirmək məcburiyyətində qalıb. Sərhədi keçənlərin sayı kəskin azaldı, lakin bu kifayət etməyib.
Donald Tramp üçün seçki kampaniyası zamanı immiqrasiya əsas məsələyə çevrilib. Belə ki, o, Venesueladan olan mafiya strukturlarının yaşayış komplekslərini nəzarətə götürməyə çalışdığı Kolorado ştatında olub. Tramp həmçinin kiçik Sprinqfild şəhərində on minlərlə miqrantın məskunlaşmasına icazə verən Ohayo hakimiyyətini tənqid edib. Seçki kampaniyası zamanı Donald Tramp kütləvi deportasiyalar, doğulduğu yerə görə ABŞ vətəndaşlığı hüququnun ləğvi, sərhədlərin bağlanacağını, Meksika və Kanada sərhədlərindən keçən miqrant axını ilə bağlı onlara ciddi məhdudiyyətlər qoyulacağını vəd edib.
NBC-yə bu yaxınlarda verdiyi müsahibədə seçilmiş prezident əmin etdi ki, planlarından əl çəkmək niyyətində deyil. Donald Tramp həmçinin kütləvi deportasiya səylərini dəstəkləmək üçün qanun çərçivəsində ABŞ ordusundan maksimum istifadə etmək niyyətindədir. Bu barədə o, onu ilin adamı elan edən TIME jurnalına müsahibəsində bildirib. O, əvvəllər ABŞ-a gəlmiş rekord sayda qeyri-qanuni immiqrantı ölkədən çıxarmaq üçün qoşunlardan istifadə etməyi planlaşdırır.
Jurnalistlər ondan ölkə daxilində asayişi qorumaq üçün ordudan istifadəni ümumiyyətlə qadağan edən qanunla bağlı sual verdikdə, cənab Tramp deyib: qeyri-qanuni immiqrasiya, mahiyyət etibarilə, dayandırılmalı olan işğaldır.
"Mən bunu ölkəmizə təcavüz hesab edirəm. Biz Milli Qvardiyanı gətirəcəyik və ölkəmizin qanunlarına uyğun olaraq icazə verdiyim yerə qədər gedəcəyik", - o vurğulayıb.
Bütün bunlar isə ABŞ-ın ciddi miqrasiya təhlükəsi ilə üz-üzə qaldığını göstərir.
Əziz Mustafa, Oxuməni.az