
Uzaq qohum
Hidayət dayıgilin ailəsi ilə Universitetin birinci kursunda oxuyanda tanış olmuşdum. Hidayət dayı atamın köhnə tanışlarından idi. Bir dəfə bir iş üçün atamla rayon mərkəzinə getmişdik. Atamın işlədiyi binanın qarşısında təsadüfən haqqında danışacağımız Hidayət dayı ilə rastlaşdıq. Atamdan 3-4 yaş böyük olan bu kişi atamın köhnə iş yoldaşlarından idi. Hidayət dayının dediyinə görə hətta biz uzaq qohum olurduq. Necə də qəribə olsa da mənim uşaqlıqdan bu yana belə bir qohumumuzun olduğundan xəbərsiz idim. Hidayət dayı atamla söhbətini kəsib burdan dilləndi:
- Oğlun budu? Sonra üzünü mənə tutub soruşdu: - neçinci sinifdə oxuyursan? Mən də bildirdim ki, onbirinci sinifi bitirirəm, bu il İnşəallah universitetə gedəcəyəm”.
Hidayət dayı üzündə təbəssüm yaradaraq dedi: -Bakıda oxusan gəlib bizdə qalarsan, onsuzda boş otaqlarımız var. Bunu da atama dönə- dönə tapşırıb sağollaşıb getdi. Atam, - artıq şəhərdə qalmağa yerin var, - deyərək dərindən nəfəs aldı.
Nəhayət yeni dərs ili başlanması ilə əlaqədar Hidayət dayının atama verdiyi ünvana getdim. Uzun axtarışdan sonra “uzaq qohumumuzun” şəhərdə 9 mərtəbəli binada yerləşən mənzilini tapdım. Qapını Hidayət dayı özü açdı. Bir anlıq dayanıb baxdıqdan sonra, “Sən Akifin oğlusan? Xoş gəlmisən, keç içəri,” - deyib qapını arxamca bağladı. Evdə olan başqa bir adamı göstərib dedi: “Bu Valehdir, bazarda alver edir. Bu da səninlə bir yerdə qalacaq”. Bunu deyən ev yiyəsi pencəyini götürüb otaqdan çıxdı.
Valehə fikir verəndə onun davranışları məni heç açmadı. Dediyinə görə “Vosmoy”un bazarında alver edirdi. Gecələr evdən çıxıb bazara gedirdi ki, mal gətirən maşınları elə bazarın qapisınin ağzındaca qarşılasın. Ona görə də gündüzlər evdə olurdu.
Bir müddət keçdikdən sonra qapının zəngi çalındı. Gələn evin xanımı idi. O öz qızı ilə deyəsən qonaqlıqdan qayıdırdı. İçəri girən kimi soruşdu:
- Alisa haradadır? Yemək hazırdır?
Ev yiyəsinin xasiyyətinə bələd olan Valeh dedi: “Bazara gedib, ərzaq almağa.” Belə görünürdü ki, Valeh bu evdə çoxdan kirayədə qalırdı,
Bu zaman Hidayət dayının rayonda dediyi sözü yadıma düşdü: “Otaqlarımız onsuzda boşdur, hansında istəsən gəlib qala bilərsən”. Bu zaman qapı açıldı evin Alisa adlanan qızı əlində ərzaq çantaları ilə içəri girdi. Evdə nəisə qonaqlıq ab- havası hiss olunurdu. Bazardan gələn ərzaqlar da buna uyğun hesablanmışdı, deyəsən.
Bir azda evin xanımı haqqında. Əsl adı Gülnar olsa da bizim millətdən deyildi. Bir az ağır təbiətli, şişman, yeyib- içmək, qonaqlıq məclislərinə meyilli qadın idi. Hiss olunurdu ki, evdə Gülyanın sözü bir mənalı olaraq keçirdi. Sonradan eşitdim ki, Hidayət dayının etirazına baxmayaraq Valehi de evə bazardan kirayənişin kimi gətirən də o idi.
Birdən evin telofonuna zəng gəldi. Telfonu Alisa götürdü. 2-3 dəqiqə danışıb dəstəyi yerindən asdı; “Maral xala da gəlir”, - deyib mətbəxə keçdi.
Onu da bilirdim ki, Hidayət dayının Alisa və Ahəstə adlı 2 qızından başqa Şəmşad adlı oğlu da var. Deyilənlərə görə o Bakı şəhərində yox idi. Deyəsən yeyib-içmək onsuz olacaqdı.
On dəqiqədən sonra ailəyə yaxın olan Maral xala da gəldi. Bu qadın ev sahibəsi kimi şişman olsa da, əxlaq cəhətdən Gülyadan da o tərəfə getmişdi. Bu ən azından geyimindən və şişmiş dodaqlarından hiss olunurdu. Axşam saat 7 olardı. Qonşu otaqda yemək süfrəsi tam hazır idi.
Başda Valeh olmaqla hamı süfrə ətrafına yığışmışdı. Məni də içəri dəvət etdilər. Qəribəsi budur ki, bu məclis günorta evdən çıxıb öz işi üçün gedən evin kişisi Hidayət dayısız keçirdi. Məclis qızışana qədər bunlar da çənələrinə güc verirdilər. Bayaqdan yumru gözlərini mənə zilləyən Maral dilləndi: “Harda təhsil alırsan?” - mən dedim ki, universitein filologiya fakültəsində oxuyuram.
- O nədi, ağızz?, - deyərək qəribə sifət çıxartdı və üzünü Gülnara tutdu.
Bu vaxt Valeh söhbətə qoşuldu. Nə işdirsə Valehin söhbətləri bu ailə üçün çox maraqlı və dəyərli olurdu. Evin kirayədə qalan sakini söhbətə başlayanda hamı ona diqqətlə qulaq asır, təbəssümlə sözlərinə reaksiya verirdilər. Valeh söhbəti davam etdirdi:
- Bir dəfə avtobusda yol gedirdim. Dayanacaqda avtobusa minən bir qadın gəlib yanımda dayandı. Qadının üzü o tərəfə olsa da çantası düz qabağımda idi. Birdən gördüm ki, qadının çantasından pulqabısı görünür. Çantanının ağzı sadəcə bir düymə ilə bağlı idi. Açmaq da çox çətin deyildi. Barmaqlarımı qoşalaşdırıb çantaya salmaqla pulu götürə bilərdim, - deyərək Valeh iki barmağnı yanaşı qoyub əlini qaldırdı. Sonra özünə bəraət qazanırmış kimi dilləndi: “Amma nədənsə mən bunu etmədim”. Bu zaman evin xanımı Gülnar əlini təəssüf hissi ilə yellədərək Valehi məzəmmət etməyə başladı: “Heyif səndən, adam da elə fürsəti əldən qaçırar?”
O biri qızı Ahəstə: - “Pul ididə özün üçün xərcləiyərdin də, - deyərək öz fikrini bildirdi. Süfrə arxasında belə axmaq olayın bir ailə içində “yüksək səviyyədə” “müzakirə olunması” birinci kurs tələbəsinə çox qeyri-adi və məyusedici görünürdü. Valehi belə şirin məzəmmət etmələrinin səbəbi bu idi ki, o bu ailəyə kirayə haqqı olaraq yaxşı pul verirdi. Sözsüz ki, mənim kimi Hidayət dayının pulsuz evdə qalan uzaq qohumundan daha üstün tutmaları aydın idi. Düzünü desək belə vəziyyətdə özümü çox alçaldılmış hiss etdim. Bu deyilənləri eşidən Maral sakit dursa da Valehin bu hərəkətinə olan narazılığı öz özlüyündə hiss olunurdu.
Bu yaşananlardan sonra o evdən çıxmaq qərarına gəldim.Tanışlarımın birindən “Dəmir yolçular” yataqxanasında yer olduğunu eşitdim. Tədris ilinin sonunda əşyalarımı yığıb o ailədən uzaqlaşdım. Evdən çıxanda Hidayət dayı ilə sağollaşa bilmədim. Necə də olsa uzaq qohum idi.
Mehman Fərmanov