“Dedilər ki, pulu verməsən səni həbsə göndərib..." – "MTN işi"ndə şok ifadə

“Dedilər ki, pulu verməsən səni həbsə göndərib..." – "MTN işi"ndə şok ifadə

7 Oktyabr 2021 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakimi Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər - Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub.

Digər zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə məxfi məlumatların və dövlətin sirlərinin səsləndirilməsinin mümkün olacağını deyib. Vəkillər bu səbəbdən məhkəmə iclasının qapalı keçirilməsini istəyiblər.

Hakimlər işin dövlət sirri ilə bağlı olmadığını və bu səbəbdən təqsirləndirilən şəxslərin statusunun işin mahiyyətinə aidiyyatı olmadığını əsas gətiriblər, vəsatəti təmin etməyiblər.

Bundan sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Onlar zərərçəkmişlər - Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar alıblar.

Daha sonra ittihama münasibət bildirən təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Bundan sonra ifadə verən zərərçəkmiş Rahib Ağayev bildirib ki, 1991-ci ildən N saylı hərbi hissələrdə çalışıb: “Uzun müddət general-leytenant Yaşar Aydəmirovun sürücüsü olmuşam. 2003-cü ildən ordudan təxris olunmuşam. Ordudan təxris olunandan sonra Aydəmirovun ailə sürücüsü olmuşam. Həmçinin onun qonşuluğunda yaşamışam, yaxınlığımız olub”.

Zərərçəkmiş qeyd edib ki, 2012-ci ildə özünü MTN-in Hərbi əks Kəşfiyyatının İdarəsinin əməkdaşı kimi təqdim edən mayor Ruhlan Cəfərov zəng edib və onu idarəyə çağırıb: “Mən hərbçi olmadığımı və hansı səbəbdən ora dəvət olunduğumu soruşdum. O, təkidlə idarəyə gəlməyimi istədi. Bununla bağlı Yaşar Aydəmirova məlumat verdim. O da gedərək məsələnin nədən ibarət olduğunu öyrənməyimi istədi. Ora getdim, Ruhlan Cəfərovla görüşdüm. Mənə dedi ki, sən saxta sənəd düzəldərək Mahir adlı hərbi qulluqçunun təxris olunmağını təmin etmisən. Mən həmin adamı tanımadığımı, saxta sənəd düzəltmədiyimi dedim, hədə-qorxu gəldi”.

Zərərçəkmiş bildirib ki, sonra onu rəisi Elcan Abdullayevin yanına aparıblar: “Mənə izahat yazdırdılar. Guya kimdənsə 1000 manat almışam. Dedilər ki, bunu yazırıq, iş bağlansın. Sonra Ruhlan Cəfərov Elcan Abdullayevin yanına getdi. Qayıdanda qırmızı qələmlə 150 min yazılmış vərəq gətirdi. Dedi ki, bu pulu gətirməsən səni vətənə xəyanət ittihamı ilə həbsə göndərəcəyik. Qorxuya düşdüm”.

Zərərçəkmişin bildirdiyinə görə, idarədən çıxandan sonra məsələ ilə bağlı Yaşar Aydəmirova məlumat verib: “Yaşar müəllim məsələni danışacağını dedi. O həmin vaxtı Nizami Şirinovla danışa bilmədiyini söylədi”.

Zərərçəkmişin sözlərinə görə, daha sonra onu izləməyə başlayıblar: “Həmin dövrdə dəfələrlə Ruhlan Cəfərov tərəfindən zənglər gəldi. Dost-tanışdan borc yığmağa başladım. 100 min dolları düzəldərək Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərov Yaşar Aydəmirovla “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durdum. İçəridəki söhbətlərdən xəbərsiz idim. Bir müddət sonra zəng etdilər. Bildirdilər ki, pulu verməsəm, Yaşar Aydəmirova da pis olacaq. Mən birtəhər 27 min dollar pul taparaq Qələbə kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 min 400, bir neçə gün sonra isə 600 dolları eyni məkanda Ruhlan Cəfərova təqdim etmişəm”.

Növbəti proses oktyabrın 14-də davam edəcək.

İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

Zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.