Azərbaycanda korrupsioner məmurları kimlər həbs olunmaqdan xilas edir?

Azərbaycanda korrupsioner məmurları kimlər həbs olunmaqdan xilas edir?

12 Oktyabr 2021 06:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin avqust ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilmiş Rafiq Babayevin cəzası iki ay keçməmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə yarıbayarı azaldılaraq 4 il 6 aya endirilib.

Oxuməni.az AzPolitika.info-ya istinadən xəbər verir ki, R.Babayev, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olub, 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Əməliyyatın, habelə keçmiş müavinin rüşvət alması ilə bağlı gizli çəkilişin görüntüləri yayımlanmışdı. "İş başında" yaxalanan zaman Rafiq müəllim özünü çox sakit, təmkinli aparmışdı, onun rişxəndlə dolu simasından hətta belə təəssürat yaranırdı ki, o bu günü hər dəqiqə gözləyib...

R.Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Prokurorluğun ittiham aktında sabiq nazir müavininin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət aldğı qeyd olunub. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedirdi.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb.

İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Onun digər regional idarələrdən aldığı rüşvətin syihısı da həmin vərəqdə yazılıb:

- Gəncə: 158 465 manat,

- Ağdaş: 116 965 manat,

- Biləsuvar: 115 965 manat, 250 500 manat,

- Masallı: 116 165 manat,

- Lənkəran: 116 065 manat,

- Sabirabad: 216 565 manat,

- Ağcabədi: 201 965 manat,

- Bərdə: 174 965 manat, 250 500 manat və 68 000 manat,

- Şəki: 141 465 manat...

Məhkəmə prosesində R.Bayramov son sözünü deyərkən rüşvət almadığını bildirib. Qeyd edib ki, nazir müavini olsa da, imza səlahiyyəti, maddi-məsuliyyətli şəxs olmayıb: "Sonradan ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam. Yoxlamalar heç bir yeyintidə iştirakımın olmadığını göstərib. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur". O qeyd edib ki, işdə müəyyən diqqətsizlik və nöqsanları olub: "Buna görə cənab Prezidentdən üzr istəyirəm". O, məhkəmədən himayəsində üç azyaşlı uşağın və həyat yoldaşının ağır xəstə olmasının nəzərə alınmasını xahiş edib.

Xatırladaq ki, DTX-nın keçirdiyi əməliyyat zamanı R.Bayramovla yanaşı Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da həbs edilmişdi. Amma maraqlıdır, istintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. R.Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Zakir Sultanov məhkəmə prosesində ifadə verərək keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb edib. Z.Sultanov bildirib ki, nazirlikdə həyata keçirilən bir çox işlərdən Ə.Qarayevin xəbəri olub.

İstintaq materiallarında Rafiq Babayevin törətdiyi korrusiya və rüşvətalma əməllərinin miqyası aydın görünür. Nazirlikdə keçirilən əməliyyat da kifayət qədər rezonans doğurmuşdu, amma sonuncu məhkəmə qərarında belə nəticə çıxarmaq olur ki, sonuc yenə də fərqli olmayacaq. Daha doğrusu, Rafiq Babayev də korruspiya cinayətlərinə görə məhkum olunmuş məmur həmkarları kimi qısa müddətdə azadlığın yolunu tutacaq. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, ləğv edilmiş Milli Təhlükəsizilik Nazirliyinin rəhbərliyində uzun illər mütəşəkkil cinayətkarlıqla məşğul olmuş dəstənin üzvləri indi haradadırlar? Onların həbsindən 5-6 il keçməyib, amma hamısı azadlıqdadır və dövlətdən oğurladıqları milyonların hesabına ölkədə və xaricdə cah-cəlallı həyat sürürlər.

Bəs korrupsiya, vəzifə saxtakarlığı, dövlət əmlakını mənimsəmə, quldurluq və s. cinayətlər görə vəziflərini itirmiş nazirlər haradırlar? Keçmiş rabitə naziri Əli Abbasov Milli Elmlər Akademiyasında vəzifədə, milli təhlükəsizlik naziri Eldar Mahmudov, mədəniyyət naziri Əbülfəs Qarayev, xarici işlər naziri Elmar Məmmədyarov özü keflərindədir. Onlar niyə məsuliyyətə cəlb olunmadılar?

Məhkəmədə Zakir Sultanov ifadə verərək deyir ki, cinayətlərdən Əbülfəs Qarayevin xəbəri olub, onu məhkəmədə dindirin. Amma keçmiş naziri əziyyətə salıb heç prosesə də dəvət etməyiblər.

Yüksək çinli məmurların belə rahatlıqla cəzadan yaxa qurtarması Azərbaycanda korrupsiyaya qarşı mübarizəni tamamilə gözdən salır. Cəmiyyətə o mesajlar verilir ki, bunlar mövsümi kampaniyalardır, əslində ciddi bir niyyət yoxdur. Həmçinin dövlət əmlakını dağıdan korrupsionerlər daha da həvəsləndirilir. Ki, nə qədər böyük cinayətlər törətsələr də uzaqbaşı bir neçə il həbslə, yığdıqlarının bir qismini verməklə canlarını qurataracaqlar. Başqa hansı bzinesdə, hansı işdə qısa müddətdə bu qədər varlanmaq, sərvət sahibi olmaq olar? Əlbəttə, heç yerdə!

Azərbaycanda məhkəmələr korrupsiya, rüşvət girdabında çabalasalar da, yüksə vəzifə tutmuş məmurları "aç-burax" qərarlarının verilməsi onların özfəaliyyətinin nəticəsi deyil. Yüksək vəzifələrdə bu korrupsionerlərin möhkəm dayaqları var, onlar lazımı anda dövriyəyə girir və onların xilas edilməsinə nail olur. Cəmiyyətin buna necə reaksiya verəcəyi, dövlətin nüfuzuna hansı zərbələrin dəyəcəyi, vətəndaşın dövlətə inamının necə sarsıldığı onların vercinə deyil.

Bunu hər kəs görür, həm də xırda cinayətlərə görə ağır cəzalar alan vətəndaşlar da...