Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı

20 Oktyabr 2021 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Oxuməni.az Yenisabah.az-a istinadən xəbər verir ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2.000 manat pul vəsaitinin 1.000 manatını almışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1.000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.