Azərbaycanda 5-ci sinif şagirdi həmyaşıdını bıçaqladı

Azərbaycanda 5-ci sinif şagirdi həmyaşıdını bıçaqladı

3 Dekabr 2021 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə 5-ci sinif şagirdi həmyaşıdını bıçaqlayıb. Hadisə məktəbdə baş verib. Yaralı məktəbli xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşıdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məktəbin direktoru Vəfa Tağıyeva virtualaz.org-a bildirib ki, hadisə məktəb ərazisində baş versə də, dərs zamanı olmayıb: “İki uşaq mübahisə edib. Hadisədən xəbər tutan kimi bütün rəsmi idarələrə məlumat verdik. Gəldilər, jurnala da baxdılar. Məktəbli yoldaşı ilə dalaşan Əli adlı şagirdimiz xəstə olduğu üçün 10 gündür dərsə gəlmirdi”, - direktor deyib.

Tağıyevanın sözlərinə görə, Əligil məktəbin yerləşdiyi küçədə yaşayırlar: “Dedilər ki, hadisədən bir gün əvvəl uşaqlar idman meydançasında tum üstündə mübahisə ediblər. Əli səhəri gün tezdən, dərs başlamadan 45 dəqiqə əvvəl məktəbə gəlib, digər uşağa xəsarət yetirib. Onsuz da əsəbi uşaqdır, görünür bir az da qızdırma psixologiyasına təsir edib”, - direktor əlavə edib.

V.Tağıyeva hazırda uşaqların hər ikisinin vəziyyətinin yaxşı olduğunu, bıçaqlandığı söylənilən uşağın hazırda dərsdə iştirak etdiyini də bildirib. Əlavə edib ki, rəhbərlik etdiyi məktəb 650 yerllikdir. İndiyədək məktəbdə bir şagirdin burnu belə qanamayıb. Yaxın vaxtlarda həmyaşıdı ilə mübahisə edən Əli ilə bağlı qərar veriləcək.