Azərbaycanda falçı yüksək vəzifəli məmurun bacısınıdan 2 milyonu necə alıb?

Azərbaycanda falçı yüksək vəzifəli məmurun bacısınıdan 2 milyonu necə alıb?

3 Dekabr 2021 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində fala baxmaq adıyla vətəndaşların külli miqdarda pullarını ələ keçirən Şəfəq İsmiyeva və onunla birgə ittiham olunan Ceyhun Zeynallının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxuməni.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, dövlət ittihamçısı çıxış edərək, C.Zeynallının 13 il, Ş.İsmiyevanın isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında (istintaq dövründə S.İsmiyeva həbsdə olub. Lakin sonradan övladı dünyaya gəldiyinə görə, həbs qətimkan tədbiri ev dustaqlğı ilə əvəz edilib) həbs edilməsini istəyib.

İttihama görə, C.Zeynallı və onun faktiki nikahda olduğu Ş.İsmiyeva barəsində Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm" S. Ağarzayevin sözlərinə görə, ona dəymiş ziyandan 293 min manat ödənilib.

İstintaq zamanı məlum olub ki, Ş.İsmiyeva C.Zeynallı ilə cinayət əlaqsəsinə girib, 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb. O, özünü "Maya”, C. Zeynallını isə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı falçı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Ş. İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtini bağlamaq üçün cadu ediliyini bildirərək bu “tilsimi” ancaq Rusiyada yaşayan “Dmitri” adlı falçının köməyi ilə sındıra biləcəyinə onu inandırıb. Bu minvalla R.Ağarzayevanı aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə qədər onun 2 milyon manata yaxın pulunu alıb.

Ş.İsmiyeva ifadəsində bildirib ki, R. Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, pulun bir qismini-800 min manatını Ceyhuna verib. Daha sonra o, Ağarzayevadan aldıqları pulun ümumi məbləğinin 2 milyon manat ola biləcəyini istisna etməyib: "Dəfələrlə alınıb deyə, dəqiq məbləğ yadımda qalmayıb".

C.Zeynallı isə onun dediklərini təkzib edir. Bildirib ki, İsmiyeva ilə münasibətləri olsa da, onunla əlbir olmayıb. Onun sözlərinə görə, Şəfəq bu cinayəti təkbaşına törədib, əldə etdiyi vəsaitlərin də böyük əksəriyyətini banklar vasitəsilə müxtəlif adamlara göndərib. Zeynallının vəkili banklara sorğu verilməsini və iki il ərzində İsmiyevanın göndərdiyi vəsaitlərin müəyyənləşdirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etsə də, icrası mümkün olmayıb. Məhkəmə Mərkəzi Banka sorğu göndərib. Oradan isə bildirilib ki, Mərkəzi Bankda ayrı-ayrı banklara aid fərdi məlumatlar yoxdur.

Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəfə 293 min manatı Zeynallı ödəyib. Vəkil bildirib ki, İsmiyeva onunla görüşmək üçün Zeynallıya dəfələrlə pul təklif edib. İş materiallarında bunu təsdiqləyən sübutlar, İsmiyevanın mesajları var. Bu məqsədlə verilən məbləğlər isə 50-70-100 min civarında olub. Zərərçəkmişə ödənilən 293 min manat da həmin pullardır.

Qeyd edək ki, İsmiyeva Xəzər rayonu, 1-ci polis bölməsində verdiyi ilkin izahatda bu cinayəti təkbaşına törətdiyini, Ceyhun Zeynallının xəbəri olmadığını deyib. Bölmədə bir gün saxlandıqdan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Orada verdiyi ifadədə Zeynallı ilə əlbir olduqlarını deyib. Başqa bir ifadəsində isə deyib ki, Ağarzayevadan aldığı pullardan özünə ancaq gündəlik xərclik və kirayə pulunu ödəmək üçün vəsait götürüb, qalan pulları Ceyhuna verib: "Pul almağa gedəndə Ceyhun da mənimlə olurdu...".

Məhkəmə prosesi dekabrın 15 də davam edəcək. Bundan sonrakı məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcək, ardınca hökm elan olunacaq.

Qeyd edək ki, aldadılaraq 2 milyon manatı alınan Ağarzayevanın yüksək vəzifəli məmur-oliqarxlardan birinin bacısı olduğu bildirilir.