Gənc ailə dağıldı, 2 körpə ağladı, qaynata gəlini bıçaqladı

Gənc ailə dağıldı, 2 körpə ağladı, qaynata gəlini bıçaqladı

24 Yanvar 2022 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda gənc ailənin dağılması, 2 azyaşlı uşağın ananın himayəsinə verilməsi və qaynatanın bunun qarşısını almağa çalışması qanlı dramla nəticələnib. Uşaqlarını ər evindən aparmaq üçün məhkəmə icraçıları ilə birlikdə ora gedən gənc ana qaynatası tərəfindən bıçaqlanıb, onun anası da qarşıdurmada bıçaq xəsarəti alıb. Bu hadisə ötən ilin martında baş verib. İş üzrə məhkəmə araşdırmaları bu günlərdə başa çatıb və gəlinini bıçaqla vuran qaynataya hökm oxunub.

Oxuməni.az virtualaz.org-a istinadən xəbər verir k, həmin vaxt Səbail rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı əsasında azyaşlı uşaqlarını Sabunçu icra şöbəsinin əməkdaşlarının iştirakı ilə götürmək üçün gələn gəlini Sona Ağayeva ilə qayınatası Şahin Ağayev arasında mübahisə yaranıb. Mübahisə zamanı qayınata bıçaqla Sona Ağayevaya sinəsindən zərbə endirib.

Törətdiyi cinayət əməlinə görə, Ş.Ağayevə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Şahin Ağayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, hadisə baş verən gün səhər saatlarında icra şöbəsinin əməkdaşlarının onun evinə gəldiyini, məhkəmə qərarı əsasında uşaqların onlardan alınaraq anasına veriləcəyini bildiriblər.

“Dedim ki, biz uşaqlara qayğı göstəririk, niyə onları əlimizdən alırsınız? İcra şöbəsinin əməkdaşları məhkəmə qərarının icrasının vacib olduğunu bildirdilər. Sonra Sona anası və əmisi ilə birgə evə daxil oldular. Əmisi məndən gəlinin niyə evdən birdəfəlik getdiyini soruşdu. Dedim oğlumla münasibətləri pisləşib”, - Ş.Ağayev ifadəsində deyib.

Onun nəql etdiyinə görə, gəlini uşaqları götürüb evdən çıxarkən körpələr ağlayıblar. Uşaqların ağlaması ona pis təsir edib. Gəlininə əsəbləşərək belə hərəkətlər etməməsini deyib.

“Əsəbi halda bıçaq götürüb onların arxasınca getdim. Sonanı və anasını qorxudub uşaqları onlardan almaq istəyirdim. Uşaqları maşına mindirəndə Sonaya tərəf gedib uşağı ondan almaq istədim. Sonanın anası əlimdəki bıçağı almaq istəyəndə bıçaq onun qolunu kəsdi. Sona uşağı yerə qoydu, əlbəyaxa olduq. Bu zaman onun üzərinə yıxıldım, bıçaq sinəsinə batdı”, - Ağayev törətdiyi əməli “qismən yumşaltmağa” çalışıb.

Ş.Ağayev hadisənin nəvələrinin gözü önündə baş verdiyini və əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş Sona Ağayeva ifadəsində 2015-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki oğlu olduğunu, həyat yoldaşı ilə münasibətləri pozulduğundan ər evini tərk etdiyini, boşanmaq üçün məhkəməyə müraciət etdiyini də bildirib.

“Uşaqlar mənim himayəmə verilmişdi. Onları götürüb evdən çıxmaq istəyəndə qayınatam əlimdən aldı, körpələr ağladılar. İcraçılar qayınatamdan uşaqların bizə verilməsini tələb etdilər. Uşaqları götürüb evdən çıxdım. Əmimin idarə etdiyi maşına çatanda qayınatam qucağımdakı körpələri yerə qoymağı, sakitləşdirməyi tələb etdi. Oğlumu yerə qoydum. Bu zaman qayınatam bıçaqla məni vurmaq istədi, əlimi qaldırdım, əlimə dəydi. Növbəti zərbəni vurmaq istəyəndə bıçaq anamın qoluna dəydi. Sonra isə bıçaqla sinəmdən vurdu, yerə yıxıldım”, - gənc qadın başına gələnləri belə nəql edib.

Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənildiyini, Ş.Ağayevlə barışdığını, ondan şikayətçi olmadığını deyib. Amma məhkəmə bütün bu halların bıçağa əl atmış qayınatanın əməlinin üstündən keçmək üçün əsas yaratmadığı qənaətinə gəlib. Və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Ağayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.